Dünyanın müxtəlif yerlərindəki maraqlı qadağalar
    • 18-10-2024, 18:27
    • 315

Dünyanın müxtəlif yerlərindəki maraqlı qadağalar

Bütün dünyada maraqlı qadağalar yerli mədəniyyətlərin və sosial normaların əksi kimi seçilir. Fransadan Sinqapura, Yunanıstandan Rusiyaya qədər bir çox ölkədə tətbiq edilən bu qadağalar həm ətraf mühiti qorumaq, həm də sosial asayişi təmin etmək məqsədi daşıyır. 

News24.az 8 maraqlı qadağanı təqdim edir:

FRANSA - KETÇUP QADAĞASI

Fransada bəzi məktəblərdə və restoranlarda ketçup kimi sousların həddindən artıq istifadəsini məhdudlaşdıran qaydalar var. Bu qadağa sağlam qidalanmağı təşviq etmək və fransız mətbəxini qorumaq üçün həyata keçirilir. Belə ki, ketçup tamamilə qadağan edilməyib, lakin müəyyən yerlərdə məhdudlaşdırıla bilər.

YUNANİSTAN - TARİXİ BÖLGƏLƏRDƏ DİKDABAN AYAQQABI QADAĞASI

Yunanıstanda xüsusilə Qədim Aqora və Akropol kimi tarixi ərazilərdə dikdaban ayaqqabı geyinmək qadağandır. Qadağa bu ərazilərin qorunması və ziyarətçilərin təhlükəsizliyi üçün 2009-cu ildə tətbiq edilib.

İNGİLTƏRƏ - XALÇA ÇIRPMAQ

Böyük Britaniyada bəzi yerlərdə xalçaları silkələmək və ya çırpmaq qadağandır. Bu qadağa xüsusilə şəhər mərkəzlərində səs-küyün qarşısını almaq və qonşuları narahat etməmək üçün həyata keçirilir. 

İSVEÇRƏ - HÜRƏN İTƏ QIŞQIRMAQ

İsveçrə heyvan hüquqlarına böyük önəm verən ölkələrdən biridir. Ölkədə hürən iti belə danlamaq qeyri-qanunidir. Bu həssaslıq ölkənin heyvanların rifahına olan bağlılığını və həssaslığını əks etdirir.

SİNQAPUR - SAQQIZ QADAĞASI

"Qaydalar ölkəsi" kimi tanınan Sinqapurda bir çox fərqli qadağalar var. Lakin bunlardan ən məşhuru saqqız çeynəmə qadağasıdır.

Bu qadağa xüsusi olaraq küçələrin təmizliyini təmin etmək və ictimai yerləri qorumaq üçün tətbiq edilib. Dövlət saqqızın yerə atılmasının qarşısını almaq üçün satışı və istehlakına ciddi nəzarət edir.

Bundan əlavə, Sinqapurda bütün saqqızlar qeyri-qanuni deyil: 2004-cü ildən əczaçılara və diş həkimlərinə tibbi resepti olan müştərilərə "müalicəvi" saqqız satmağa icazə verilib. Buraya standart şəkərsiz saqqız daxildir.

RUSİYA - ÇİRKLİ MAŞIN İLƏ YOLA ÇIXMAQ

Rusiyanın bəzi bölgələrində çirkli maşın sürmək qadağandır! Bu qanun xüsusilə Moskva kimi böyük şəhərlərdə yol hərəkəti təhlükəsizliyini artırmaq və ekoloji təmizliyi təmin etmək üçün həyata keçirilir. Çirkli avtomobillər yolda görmə qabiliyyətini azalda bilər ki, bu da təhlükəsizliyi təhdid edir. Yəni bu qadağa həm təhlükəsizlik, həm də ətraf mühitin mühafizəsi baxımından mühüm tənzimləmədir.

SAMOA- HƏYAT YOLDAŞINIZIN AD GÜNÜNÜ UNUTMAQ

Sakit okeanın cənubunda yerləşən Samoa ölkəsində ərin arvadının ad gününü unutması qadağandır. Yadından çıxarsa, məhkəmə onun arvadına ödəniləcək pul cəzası təyin edir. Təkrarlanarsa, həbslə nəticələnə bilər.

İTALİYA - İCTİMAİ MƏKANLARDA KEFSİZ OLMAQ

İtaliyanın Milan şəhərində camaat qarşısında kefsiz olmaq qadağandır. Bu, çox köhnə və etibarlı yerli qanundur. Xəstəxana işçiləri və dəfn mərasimində iştirak edənlər bu qanundan azaddırlar.


Məryəm İlhamqızı