-
- 21-10-2024, 12:02
- 472
Futbolçularımız işdən icazə ala bilmədi: oyuna gəlmədilər
"Son turda "Göygöl”lə oyuna 10 nəfərlə çıxmağımızın ciddi səbəbləri var. Bəzi futbolçularımız başqa sahələrdə işləyir. Həftəiçi olduğuna görə onlar işlədikləri yerlərdən icazə ala bilmirlər”.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu "Füzuli” klubunun meneceri Rəşad Babayev Futbolinfo.az saytına açıqlamasında deyib.
O, son oyundakı uğursuzluqla bağlı qalmaqallı fikirlər səsləndirib:
"Əsas heyətdən bir neçə futbolçumuz xəstədir. Onları qızdırmalı halda oyuna buraxa bilməzdik. Əvvəlki matçlarda qırmızı, sarı kart alıb cəzalananlarımız var idi. Nəticədə meydana tam şəkildə komanda buraxa bilmədik. Əlbəttə, bu, bizim problemimizdir və həqiqətən vəziyyətin bu həddə qədər pisləşməsi bir futbol adamı kimi məni çox sarsıdıb. Amma 10 nəfərlə də olsa, 0:9 hesabıyla uduzmağı komanda olaraq özümüzə yaraşdırmadım.
Heyətimizdə təcrübəli futbolçular var, amma bu, yetmir, əskiklərimiz də çoxdur. Bunun da sıxıntılarını yeni mövsümdə artıqlaması ilə çəkirik.
Buna baxmayaraq, növbəti oyunlara köklənməliyik. "Füzuli” bu vəziyyətə düşəcək klub deyildi. Fürsətdən yararlanıb bütün füzulililərə çağırış edirəm: "Gəlin, "Füzuli”ni xilas edək”.
Rəşad Babayev ötən mövsümün sonlarından ciddi maliyyə problemləri yaşadıqlarını bildirib:
"Ciddi maliyyə sıxıntıları yaşayırıq. Elə bu səbəbdəndir ki, ötən il çempionluğa oynayan komandamızın bütün futbolçuları mövsüm bitən kimi başqa komandalara transfer olundular.
Onları saxlaya bilmədik. Uşaqlara və başqa yerlərə hələ də xeyli borcumuz qalıb. Sponsor tapa bilmədik deyə, komandamızı istədiyimiz formada komplektləşdirə bilmədik. Sponsor və tərəfdaşlıqla bağlı xeyli müraciətlər etmişik, söz verənlər var, amma real iş görən yoxdur. Təəssüf hissi ilə qeyd edirəm ki, 135 minlik Füzuli rayonunda İkinci liqada bölgəmizi peşəkar səviyyədə təmsil edən yeganə kluba ürək yandıran yoxdur. Ancaq kimi dindirirsən, futbolumuzun niyə inkişaf etməməsindən şikayətlənir”.
Klub meneceri komandanın bu vəziyyətdən çıxması üçün dəstək lazım olduğunu bildirib:
"Əlini ağdan qaraya vurmaq istəməyən adamların işi ancaq gileylənmək, şikayət, tənqid etməkdir. Dəstək vermək məsələsi gələndə hamı qaçır. Füzuli rayonunun işğaldan sonra bərpası və yenidən qurulması işlərində onlarla böyük şirkət layihələr icra edir.
Tenderlərin qiyməti yüz milyonlarladır. Bu şirkətlərin hər biri, illik 15-20 min manat pul ayırsa, "Füzuli”nin çempionatda layiqli çıxışına nail ola bilərdik. Əvəzində həmin şirkətlərə forma sponsorluğu təklif edirik. Bundan başqa, Füzulinin özündə irili-xırdalı onminlərlə obyekt işləyir, hər biri illik planda 100-150 manat ianə ayırsa, işləri qaydasına salmaq olar. Şəxsən bilirəm ki, istər Azərbaycanda, istərsə də, ölkəmizin hüdudlarından kənarda Füzulidən olan yüzlərlə, bəlkə minlərlə iş adamı, imkanlı biznesmen var.Klubumuzdan az-çox xəbərləri var. Amma kimsə yaxın durmur, kimsə əlini daşın altına qoymaq istəmir.
Rayonun nə icra hakimi, nə deputatı bu işdə bizə yardım edir. Mən son iki ildə komandamızın ətrafında baş verən bütün olaylara şahidlik eləmişəm deyə, bu qədər əmin danışıram. Amma futboldan söz düşəndə, hamı professora çevrilir, bilən də danışır, bilməyən də”.