Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu davam edir
    • 25-06-2019, 10:56
    • 971

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu davam edir

25 iyun tarixində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilən BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirib.

News24.az--ın xəbərinə görə, Forumun 2-ci günü işinə “Dayanıqlı İnkişaf Məqsədləri 16: şəffaflıq, inkluzivlik və iştirakçılıq ilə institutların daha səmərəli olmasını təmin etmək” mövzusunda interaktiv panel müzakirəli plenar sessiya ilə başlayıb. Sessiyada Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Alia El Yassir, Liberiya Respublikasının Paynesvil şəhərinin meri Pam Taylor-Belçer və Bəhreyn Dövlət İdarəçilik Akademiyasının direktoru Raed Ben Şams çıxış ediblər.

Panel sessiyanın moderatoru BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin Dövlət İnstitutları və Rəqəmsal Hökumət sektorunda DİM Şöbəsinin müdiri David Le Blank olub.