-
- 22-10-2024, 10:16
- 6 956
Bakı metrosunda Böyük Faciə yaşana bilər – Xəbərdarlıq edildi
“Bakı Metropoliteni” QSC-də vaxtaşırı problemlər üzə çıxır. Onlardan biri də 19 oktyabrda “Nizami” – “28 May” tunel yolunda qatarın tüstüləməsidir. Bu isə vətəndaşlarda haqlı narahatlığa səbəb olur.
Baş verən hadisə ilk deyil. Ümumiyyətlə, “Bakı Metropoliteni” QSC-də vaxtaşırı ciddi problemlər yaranır, gecikmələr baş verir, nasazlıq səbəbi ilə qatarlar depoya göndərilir və s. Sözün əsl mənasında “Bakı Metropoliteni” can üstündədir. Köhnə infrastruktur, köhnə qatarlar artıq az qala hər kəsdə narahatlıq yaradır.
Maraqlıdır, “Bakı Metropoliteni” üçün dövlət ildə nə qədər vəsait ayırır? Onların gəliri və xərci nə qədərdir ki, vaxtaşırı problemlər yaşanır, amma qarşısı alınmır?
Ən əsası, köhnə qatar və struktur sonunda böyük faciə ilə nəticələnə bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, “Bakı Metropoliteni” büdcədən ən çox dotasiya alan dövlət şirkətlərindən biridir.
Onun sözlərinə görə, hər il maddi-texniki bazanın yaxşılaşdırılması üçün ayrıca dotasiyalar ayrılır:
“Əsas məsələ bu vəsaitlərin necə xərclənməsidir. Təəssüf ki, bununla bağlı problemlər var. Çünki ciddi monitorinqlər, yoxlamalar aparılmır. Zaman-zaman Hesablama Palatası müəyyən araşdırmalar aparır, onun da nəticələrini biz görmürük. Məsələ də bundan ibarətdir ki, ayrılan vəsait normal xərclənsə və xərclənməsi ilə bağlı problemlər olmasa, məncə, Metropolitenin maddi-texniki bazasının möhkəmləndirilməsi daha keyfiyyətli olar. İnsanlar da bundan daha çox xeyir görər. Amma problem odur ki, bunların heç biri baş vermir”.
N.Cəfərli bütün dövlət və hökumət qurumlarının vətəndaşları ictimai nəqliyyatdan istifadə etməyə çağırdığını qeyd edib:
“Lakin Bakıda olan tıxacların aqibəti hər kəsə məlumdur. Əgər “Bakı Metropoliteni” belə çalışırsa, gecikmələr, sıxlıq olursa, insanlar əziyyət çəkirsə, ictimai nəqliyyatdan necə istifadə etsinlər?! Bu da ciddi bir sual doğuran məsələlərdən biridir. Nəzərə almaq lazımdır ki, maddi-texniki bazanın köhnə olması gələcəkdə qəza problemləri yarada bilər”.
Nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, metro ilə bağlı ciddi islahatlara ehtiyac var:
“Metronu dövlət nəzarətində saxlamaq şərti ilə onun inkişafı üçün dövlət tərəfindən maliyyə imkanları genişləndirilməlidir. Həm də metronun özünü dolandıra bilmə imkanları olmalıdır. Məsələn, metroda reklamlar, keçiddə ticarət və s. yaradılmalıdır. 20 yanvarda metro keçidi Kəmaləddin Heydərovun şəxsi obyektidir, nə bilim, başqa bir keçid hanısa məmurundur. Metronun özünün keçidləri olmalıdır və bu işlər qurumun büdcəsinə xeyir gətirməlidir ki, özü-özünü saxlaya bilsin”.
Ekspertin sözlərinə görə, metro hər zaman zərərə işləyən struktur olub:
“Çünki bu gün burada bir sərnişin daşınması 1 manat civarında başa gəlirsə, faktiki qiymət 50 qəpikdir. Yerdə qalan 50 qəpiyi dövlət onlara dotasiya şəklində tam ödəmir. Ona görə də çətinliklər yaranır. Uzun illər metronun inkişaf strategiyası olmayıb. Metropolitenin sabiq rəisi Tağı Əhmədovun vaxtında metro ən çökmə dövrünü yaşayıb. Adam hər şeydən pul qazanmağın yolunu bilib, buna uyğun davranıb. Ona görə də burada hansısa yenilik, fundamental dəyişiklik olmasa, vəziyyət bu cür də davam edəcək”.
E.Muradlı deyib ki, Metropolitenə dövlət tərəfindən böyük maliyyə vəsaiti ayrılmalıdır:
“Qatarlar tam yenilənməlidir, metro stansiyalarının sayı sürətli şəkildə artırılmalıdır və daim dövlətin diqqəti, qayğısı metronun üzərində olmalıdır. Lakin dəstək olaraq digər yollar açılmalıdır ki, metro da başqa gəlir imkanları əldə etsin. Vaxtı ilə imkan var idi, o da Tağı Əhmədovun şəxsi büdcəsinə gedirdi. Ondan sonrakı dövrdə inkişaf mümkün olmayıb. Yəni qısa müddətdə bu qədər dəyişiklik mümkün deyildi. Son illər baxırıq, müəyyən işlər görülür, stansiyalar tikilir, yeni qatarlar alınır. Amma bu, kifayət deyil. 30-40 il müddətində istismar olunan qatarların hamısını birdən-birə yeniləmək olmur. Təsəvvür edin, Bakıya 60-a yaxın metro stansiyası lazımdır, cəmi 28 stansiyamız var. Görün, 60 olsa, hansı vəziyyətə düşərdik. Fikrimcə, müəyyən bir nəticəyə nail olmaq üçün fundamental dəyişikliklərə ehtiyac var”.