-
- 23-10-2024, 20:45
- 896
Sərhədlər Göyçə gölünün ortasından keçir: Tarixi sənədlər masaya qoyuldu
Ermənistan rəhbərliyinin nə deməsindən asılı olmayaraq reallıq başqadır. Azərbaycanın ərazi bütövlüyünün nəhayət erməni tərəfinin qəbul etməsindən başqa yolları qalmayıb. Bunu qarşı tərəf etiraf etməlidir və zaman-zaman da bu olacaq. Ermənistanda terrorçulardan başqa əsl reallığı görən insanlar bu məsələdə konkret mövqe sərgiləməlidir.
News24.az xəbər verir ki, bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.
“Nikol Paşinyan da indi əlində Ermənistan xəritəsinin kiçik modelini gəzdirərək tarixi deyil, real Ermənistanı qorumaq istədiyini bildirir. Sözsüz ki, bunun arxasında hüquqi və hərbi gücün etirafı dayanır”, - deyə o əlavə edib.
Partiya sədrinə görə, beynəlxalq hüquqa zidd olaraq Ermənistan Azərbaycan torpaqlarına iddia etsə, proseslər onlar üçün çətin olar:
“Beləliklə, müəyyən şərtlərlə qəbul edilən müasir Ermənistan ərazisi də itirilə bilər. Çünki 1918-ci ilin xəritələrinə görə, Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə olan tarixi Azərbaycan sərhədləri məsələsi var. Amma bu gün Azərbaycanı hansısa ərazilərə nəzarətdə ittiham edirlərsə, şərtlər dəyişəcək. Bu halda Azərbaycanın sərhədləri Zəngəzurdan, Göyçə gölünün ortasından keçir. Bunu da yəqin ki, erməni tərəfi bilməmiş deyil”.
Sabir Rüstəmxanlı hesab edir ki, erməni tərəfi bu həqiqətləri bildikcə, sülhdən başqa yolun olmadığını qəbul edəcək:
“Çünki beynəlxalq hüququ sona qədər tapdamaq mümkün deyil. Bunun bir cavabı həmişə olur. Ona görə də, Ermənistan getmək istədiyi yolun perspektivinin olmadığını anlamalıdır”.