-
- 24-10-2024, 05:00
- 593
Təyyarə uçuşları dayandırıldı – Müharibə hazırlığı pik həddə çatdı
Türk Hava Yolları (THY) Tehrana, İsfahana, Məşhədə və Şiraza olan reyslərini oktyabrın 30-na qədər ləğv edib. Eyni zamanda, şirkət İraq, İordaniya və Livan istiqamətlərinə də uçuşların dayandırıldığını açıqlayıb. Bu qərarın İran-İsrail və Yaxın Şərqdə artan gərginliklə bağlıdır.
Təyyarə reysləri dayandırılırsa, vətəndaşlara xəbərdarlıqlar edilirsə, demək, savaş lap yaxındadır. Bir müddət öncə, AZAL-ın da bəzi Yaxın Şərq ölkələrinə uçuşları dayandırması haqqında məlumatlar verilirdi.
Bunların fonunda yeni müharibənin yaranmasının şahidi olacağıqmı?
Globalinfo.az-a danışan AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, politoloq Elnur Kəlbizadə deyib ki, İran və İsrail arasındakı münasibətlər gərginləşməkdə davam edir:
“Aralarında kəskin ziddiyyətlər olsa belə faktiki olaraq bir-birinin varlığını şərtləndirir. Bir müddətdir ki, bu iki ölkə arasında toqquşmaların açıq hərbi müstəviyə keçməsi bütün dünyada narahatlıqlar doğurur. Hər iki dövlət digərinə qarşı müəyyən addımlar atır. Türk Hava Yolları, eləcə də digər şirkətlərin buraya uçuşları məhdudlaşdırması ilə bağlı məlumatlar onu deməyə əsas verir ki, həmin ölkələrdə hər hansı hərbi toqquşmanın baş verəcəyinə, yaxud da müəyyən obyektlərə zərbələr endiriləcəyinə dair məlumatlar var. Onlar da həm öz vətəndaşlarının, həm də sözügedən şirkətlərlə daşınan sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bu kimi addımlar atırlar”.
Politoloqun sözlərinə görə, İran və İsrail arasında böyük, uzunmüddətli müharibənin olmasına dünyada mövcud olan sağlam siyasi qüvvələr qarşıdırlar:
“Hərbi toqquşmaların qlobal səviyyəyə gəlməməsi üçün müəyyən addımlar atılacaq. İki ölkə arasında qarşılıqlı hərbi hücumlar XXI əsrin müharibə taktikasına uyğun aparılır. Faktiki olaraq müharibə gedir. Bunun daha böyük, ardıcıl müharibəyə transformasiyaya çevrilib-çevrilməyəcəyi sual yaradan məqamdır. Belə müharibənin qlobal fazaya keçməsi bütün bəşəriyyət üçün fəlakətə səbəb ola bilər”.