Madrid Bakıya qarşı - bu tədbirə də ev sahibliyi etsək...
    • 26-10-2024, 09:57
    • 733

Madrid Bakıya qarşı - bu tədbirə də ev sahibliyi etsək...

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının 2026/27 mövsümünün final matçına ev sahibliyi edə bilər. Bununla bağlı AFFA artıq UEFA-ya rəsmi müraciət ünvanlayıb. Bakı Olimpiya Stadionunun yeganə rəqibi Madriddəki “Estadio Metropolitano”dur.

UEFA İcraiyyə Komitəsi finalın ev sahibini 2025-ci ilin mayında seçəcək. Komitə 2025-ci ildəki finalın Almaniyanın Münhen şəhərində keçiriləcəyini bildirmişdi. Paytaxtımızın daha bir beynəlxalq tədbirə, bu dəfə reytinqli idman yarışına ev sahibliyi etməsi, şübhəsiz, ölkəmizin dünyadakı imicinə əlavə xallar qazandırardı. Bəs milli futbolun, özəlliklə uşaq futbolunun inkişafına bu kimi tədbirlərin stimulverici təsiri varmı?

Bakıda 2019-cu ildə UEFA Avropa Liqasının finalı olub. İngiltərənin “Arsenal” və “Çelsi” komandaları üz-üzə gəliblər. Bu baxımdan paytaxtın belə bir təcrübəsi var və ÇL finalına da ev sahibliyi etməsi mümkündür. Bundan əlavə, İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları, bir sıra idman növləri üzrə beynəlxalq yarışlar Bakıda keçirilib. Təbii ki, bu yarışlar həm ölkəyə turist axınına səbəb olur və iqtisadi dividentləri var, həm də beynəlxalq imicinə təsir göstərir. ÇL isə ən parlaq və nüfuzlu yarışlardan biridir. Əgər Azərbaycan final oyununa ev sahibliyi edərsə, ən azı 30-40 min azarkeş xaricdən ölkəmizə gələcək. Ümumən isə stadionun azarkeş tutumu 60 min nəfərdir. Sözsüz ki, yerli azarkeşlər də final oyununa bilet almaq istəyəcəklər. Lakin nəzərə almaq lazımdır ki, belə finalların biletlərinin qiyməti fantastik olur. Bütün hallarda bu şans Bakıya verilərsə, pozitiv haldır. Doğrudur, şəhərin tıxacı, nəqliyyatın hərəkəti ilə bağlı vətəndaşların giley-güzarı olur, amma dediyimiz kimi, daha əvvəl də Bakı Olimpiya Stadionunda mötəbər yarışlar keçirilib və həm təhlükəsizlik yüksək səviyyədə təmin olunub, həm də nəqliyyatın hərəkətinin intensivliyi tənzimlənib. Ona görə də hər şey UEFA İcraiyyə Komitəsinin çıxaracağı qərardan asılıdır.

ReAl Partiyasının sədri, iqtisadçı Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, idman yarışları ölkənin tanınması üçün nəzərdə tutulur: “Bu tanıtım sonradan daha çox turist gəlməsinə və turizm maşrutlarının həyata keçirilməsinə yardımçı olur. Çünki ölkə bundan sonra pul qazanmağa başlayır. Azərbaycanda tanıtımla bağlı problemlər demək olar ki, həll olunub, amma turizm məsələsində çətinliklər var. Bura bahalıq, turizm obyektlərinin azlığı, quru sərhədlərin qapalı saxlanması və digər problemlər daxildir. Amma Çempionlar Liqasının finalı üçün infastruktur var, Olimpiya Stadionunda Avropa Liqasının finalı da oynanıb, ona görə əlavə xərci olmayan, gəliri olan bir tədbirdir deyə təşkil edilməsi yaxşı olardı”.

N.Cəfərlinin sözlərinə görə, bir neçə il əvvəl ÇL finalı Tiflisdə keçirilmişdi və 60 min turist Gürcüstana gəlmişdi: “O zaman Gürcüstanın turizm agentliyi məlumat yaymışdı ki, hər turist 1000 dollar xərcləyibmiş. Ona görə də bu daha gəlirli sahədir, nəinki hansısa gimnastika, yaxud qılıncoynatma yarışının Bakıda keçirilməsi. Çünki az gəlirli oyunlar olacaq. Amma ÇL finalı Bakıda keçirilərsə, az xərcli, yüksək gəlirli bir tədbir olar”.