-
- 29-10-2024, 09:11
- 1 732
Son sülh həmləsi - SÜRPRİZ OLA BİLƏR...
ABŞ prezidentinin xüsusi köməkçisi Maykl Karpenter oktyabrın 21-də Bakıda olub, Ağ Ev başçısı Co Baydenin məktubunu Prezident İlham Əliyevə çatdırıb. Məktubda Azərbaycan və Ermənistan arasında sülh sənədinin tezləşdirilməsi, uzağı, bu ilin sonunadək imzalanması xahiş olunur. Karpenter ertəsi gün İrəvana gedib və oxşar məzmunlu məktubu Ermənistanın baş naziri Nikol Paşinyana təqdim edib.
Üstündən bir həftə keçib. Bu məktubların sülh prosesinin irəliləməsinə hər hansı müsbət təsirindən danışmaq mümkünmü? Baydenin yüksək çinli elçisinin səfərinin nəticəsi real olaraq nə vaxt bilinəcək? Doğrudanmı ilin axırına qalan 2 ayda ciddi dönüş ola, sülh müqaviləsi imzalana bilər?
Sirr deyil ki, əhatəli, işlək sülh sənədinin taleyi bilavasitə Ermənistandan asılıdır. Əsas maneə də məlum - bu ölkənin konstitusiyası. Elə isə İrəvan Ağ Ev başçısının xahiş-minnətindən nəticə çıxaracaqmı? Nəhayət, ABŞ prezidentinin rəsmi məktubuna Bakı rəsmən, məktubla cavab verəcək, yoxsa? Diplomatik praktika nə deyir?
Bunu da qeyd edək ki, Baydenin məktubundan iki gün sonra - oktyabrın 24-də Kazanda Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Həmçinin iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
Paşinyan həmçinin Bakıya Naxçıvanla ünsiyyət üçün sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurları, habelə sülh müqaviləsini imzalamağı təklif edib. Onun sözlərinə görə, Bakı ilə sülh müqaviləsi layihəsi ən azı 80-90 faiz razılaşdırılıb. İddia edib ki, Ermənistan və Azərbaycan sülhün əsasını yaratmaq üçün bütün fundamental məsələlərdə razılığa gəliblər.
Sammitə qatılmazdan öncə isə Nikol Paşinyan gələn ay Bakıda keçiriləcək COP29 sammitini Ermənistanla Azərbaycan arasında sülh prosesini müzakirə etmək üçün fürsət adlandırmışdı. O zaman erməni tərəfi bu fürsətdən faydalanmağa niyə tələsmir? Tezliklə XİN başçılarının görüşünü və danışıqların davamını gözləmək olarmı və harada, hansı şəhərdə?
Bu arada Ermənistan XİN-in təcili surətdə Azərbaycan və Türkiyə ilə sadələşdirilmiş sərhəd və gömrük nəzarəti rejiminə dair hökumətlərarası saziş layihələri hazırladığı haqda xəbər yayılıb. Məlumata görə, layihə adıçəkilən ölkələrin vətəndaşlarının daxili pasportlardan istifadə etməklə 30 gün ərzində Ermənistana daxil olub-olmamasını nəzərdə tutur. Avtomobil və yük avtomobilləri üçün tranzit rejimi ayrıca nəzərdən keçirilir və müntəzəm sərhəd nəzarəti ilə elektron gömrük bəyannaməsinə əsaslanır. Qeyd olunur ki, Ermənistanın baş naziri Paşinyan belə bir göstərişi Türkiyə prezidenti Ərdoğandan alıb.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, ABŞ prezidenti Co Baydenin məktubunun Bakıya və İrəvana çatdırılmasından elə uzun zaman keçməyib. Bu qədər az müddət məktubun hansı effekti verib-vermədiyi barədə dəqiq fikrə gəlmək üçün yetərli deyil: “Əgər ABŞ prezidenti Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını həqiqətən də istəyirsə və bu hadisənin məhz onun hakimiyyətinin son aylarında baş verməsini istəyirsə, Ermənistana məktubla kifayətlənməməlidir, Ermənistana ciddi təzyiq etməlidir ki, Azərbaycana qarşı ərazi iddiasını ana qanunundan çıxarsın. ABŞ Ermənistanı buna razı salarsa, sülh müqaviləsinin imzalanması üçün əngəl ortadan qalxmış olar. Bu isə sülh müqaviləsinin imzalanmasına Amerikanın ən böyük töhfəni verdiyini sübuta yetirər. Əgər Ermənistana sülh müqaviləsini imzalamaq üçün ciddi təsir göstərilməyəcəksə, bu il müqavilənin imzalanmasını Co Baydenin gözləməsi əbəsdir. Ermənistan ancaq təzyiq dilindən anlayır. Xahişlə, məktubla ona təsir etmək mümkün deyil. 30 ildən artıq təcrübə də bunu təsdiq edir.
O ki qaldı Baydenin məktubuna rəsmi məktubla Bakının və İrəvanın cavab verib-verməyəcəyinə, rəsmi məktubla cavab verilməsi diplomatik praktikada mütləq deyil. Bu cür məktublara ölkə hansısa rəsmi səviyyədə şifahi formada bəyanat səsləndirməklə də cavab verə bilər. Azərbaycanın cavabı əslində məlumdur - Bakı son bir həftə ərzində də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının ləğvindən sonra sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bəyan edib".
Politoloq qeyd etdi ki, ötən həftə Ermənistan tərəfi Azərbaycandan COP29-da iştirak üçün baş nazir Nikol Paşinyana göndərilən dəvətin müzakirə mərhələsində olduğunu açıqlayıb: "Nikol Paşinyan gələn ay Bakıda keçiriləcək COP29 sammitini Ermənistanla Azərbaycan arasında sülh prosesini müzakirə etmək üçün fürsət adlandırmışdı. Əgər Paşinyan sülh sazişinin imzalanmasında həqiqətən də maraqlıdırsa, özünün də fürsət kimi gördüyü COP29 tədbirində iştirak etməlidir. Bununla o, sülhə hazır olduğunu müəyyən mənada isbatlamış olar. Şübhəsiz ki, Ermənistanın sülh müqaviləsini imzalamaqda istəyində olduğunun əsas sübutu konstitusiyalarında Azərbaycana qarşı ərazi iddiasının aradan qaldırılmasıdır. Nə qədər ki, bunun üçün referendum qərarı verilməyib, Ermənistan sülh müqaviləsini imzalamağa tam hazır olduğunu söyləmək mümkün deyil. Ancaq şübhəsiz ki, Paşinyanın Bakıya gəlişi sülh istiqamətində prosesə müsbət təsirini göstərən amilə çevrilər”.