-
- 30-10-2024, 10:54
- 719
Azərbaycanda səfirliyi PARTLATMAQ istədilər - Məhkəmə işi
Bakıda xarici ölkə səfirliyini partlatmağa hazırlıq görməkdə ittiham olunan Əfqanıstan Respublikasının vətəndaşı Favzan Musa Xanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Favzan Musa Xan 10 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əfqanıstan Respublikasının vətəndaşı Favzan Musa Xan 2023-cü ilin iyul ayında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb.
İttiham aktında göstərilib ki, Əfqanıstan Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın digər şəxslərlə qabaqcadan əlbir olaraq ölkə ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və digər müşayiət olunacaq təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırılması müəyyən edilib.
Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəlib.
Bakıda yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidələr aparıb və terror aktında iştirak edə biləcək şəxslərlə əlaqəyə girərək sövdələşib. Favzan Musa Xan cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanan cinayət işi üzrə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə ittiham elan edilib.