Azərbaycanda psixi xəstələrin sayı niyə ilbəil ARTIR? - MÜHÜM AÇIQLAMA
    • 5-11-2024, 23:12
    • 287

Azərbaycanda psixi xəstələrin sayı niyə ilbəil ARTIR? - MÜHÜM AÇIQLAMA

2022-ci ildə Azərbaycanda 6983 nəfərdə, 2023-cü ildə isə 10.108 nəfərdə psixi xəstəliklə bağlı diaqnoz qoyulub. Bu da psixi xəstələrin sayının ilbəil artdığını göstərir. 2023-cü ildə tibb müəssisələrində qeydiyyatda olan psixi xəstələrin ümumi sayı 113.216 nəfərə çatıb.

İlbəil artan psixi xəstəliklərin səbəbi nədir?

News24.az xəbər verir ki, psixiatr Azər Bağırov Bizim.Media-ya bildirib ki, bu rəqəm Azərbaycan üçün çox deyil. Onun sözlərinə görə, rəqəmlər demək olar ki, bütün ölkələrdə əhali sayına uyğun olaraq eynidir. Azər Bağırov son dönəmlərdə psixi xəstəliklərin qaynaqlandığı səbəblərdən danışıb:

“Son dövrlərdə artan xəstəlik təşviş pozuntularıdır. Bu da iş stressinin və ya böyük şəhərdə yaşamağın gətirdiyi faktorlardan qaynaqlanır. 50-100 il əvvəlki insanlarla müqayisədə günümüzün insanları daha gərgin, narahatdırlar, daha çox problemlərlə mübarizə aparırlar. Bundan başqa iş saatlarının qeyri-müəyyənliyi, həddindən çox olması, məsuliyyətin artması panik atak, təşviş pozuntusu kimi xəstəliklərin artmasına səbəb olur”.

Psixi xəstəliklərdən necə qorunaq?

Psixiatrın sözlərinə görə, bunun qarşısını almaq üçün insanlar iş həyatı ilə sosial həyat arasında balans yaratmalıdırlar. İşə vaxt ayırdığınız qədər özünüzə də vaxt ayırmalısınız:

“Əslində iş müəyyən saatda bitməlidir və işlə bağlı olan heç nə evə gətirilməməlidir. Onun əvəzinə işdən sonra sevdiyimiz hobbiləri həyatımıza əlavə etməliyik. Çox vaxt məcburiyyətlərdən başqa günümüzü dolduran heç nə olmur. Bu da tükənmə sindromuna səbəb olur. Bundan başqa ailə ilə daha çox vaxt keçirtmək lazımdır.

Araşdırmalar onu göstərir ki, telefonlarda keçirilən vaxtın artması ilə birgə digər hər şeyə ayrılan vaxt azalıb. Sosial mediada keçirilən vaxtın özü də asılılıq yaradır və beyin funksiyamıza təsir edir”.

Psixi xəstəliklərin başlanğıc nöqtəsi-yeniyetməlik

Azər Bağırov psixi xəstəliklər üçün erkən diaqnostikanın önəmindən danışıb. O qeyd edib ki, valideynlər yeniyetmə övladlarına diqqət göstərməli, biganə yanaşmamalıdır:

“Şizofreniya, bipolar kimi xəstəliklərdə erkən diaqnostika çox vacibdir. Xəstəliyin başlanğıc yaşı çox vaxt yeniyetməlik dönəmidir. Abitruyentlik dönəmi yeniyetmənin davranışları çox vaxt abitruyentin stressi kimi qəbul edilir deyə diaqnozun qoyulması daha da gecikir. Erkən diaqnostika olduqda xəstəlik müalicə ilə dayandırılıb, sonra təkrarlanmanın qarşısı alına bilir. Bu da dağıdıcı gedişatın qabağını alır. Ona görə də, yeniyetməlik dövründə uşaqları olan valideynlər onların əlamətlərini gözdən qaçırtmamalıdır.

Uşaq özünə qapana bilər, tamamən sosial olaraq özünü izolyasiya edə bilər, heç dost çevrəsi olmaya bilər, çox qəribə maraqları yarana bilər, çox radikal dindarlıq kimi fikirləri yarana bilər. Bunların hamısı bir əlamət sayılır və əhəmiyyət kəsb edir”.