"Azərbaycanda onkoloji xəstələrin sayı ilbəil artır" BAŞ ONKOLOQ
    • 19-12-2019, 15:09
    • 1 073

"Azərbaycanda onkoloji xəstələrin sayı ilbəil artır" BAŞ ONKOLOQ

"Dünyada onkoloji xəstələrin sayı artmaqdadır. Hər il 14 milyon yeni onkoloji xəstə qeydə alınır".

News24.az xəbər verir ki, bunu "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda konfransda Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyib. O bildirib ki, hər il 8.8 milyon onkoloji xəstə dünyasını dəyişir:
"Bu nəzəri deyilən bir rəqəmdir. 2030-cu ilə qədər yeni xəstə sayının 24 milyona çatacağı bildirilir. Bu göstəricilər Avropadan da yan keçməyib. Avropa ölkələrində 3 milyon 700 min onkoloji yeni xəstə qeydə alınıb. Onlardan hər il 2 milyona yaxın onkoloji xəstə dünyasını dəyişir".

A.Kərimli bildirib ki, onkoloji xəstəliklərə düçar olanların sayı ölkəmizdə də ilbəil artır: "Bu cür xəstəliklər səhiyyə xərclərinin mühüm hissəsini tutmaqla yanaşı, onların sosial psixoloji və emosional yükü digər xəstəliklərdən daha ağır və mürəkkəbdir. Ölkədə onkoloji xəstələrin sayının artdığını deyib insanları təşvişə salmaq istəməzdim. Əhali arasında şayiə yayılır ki, xərçəng xəstələrinin sayı artır. Amma bu insanların düşündüyü qədər çox deyil. Tək onkoloji xəstəliklər deyil, digər xəstəliklər də artır. Burada qrafik göstəricilər yəni əhalinin sayı nəzərə alınmalıdır. 2014-cü ildə 9 milyondan çox idisə, onkoloji xəstələrin sayı 38 minə yaxın idi. İllər ərzində əhalinin sayı artdıqca xəstə sayı da artır. 2018-ci ildə 9 milyon 960 minə yaxın əhali var idisə , qeydiyyata alınan onkoloji xəstələrin sayı 49 mindən çox idi. Bu elə də böyük rəqəm deyil".

Baş həkim qeyd edib ki, müasir dərman preparatlarının, diaqnostikanın tətbiqi onkoloji xəstələrdə müsbət mənada öz təsiri göstərir:
"Bunlar xəstələrin uzunömürlülüyünə gətirib çıxarır. 5 il və daha çox yaşayan onkoloji xəstələrin sayı 2018- ci ildə 18.641 nəfər olub".
Onun sözlərinə görə, 2013-2018- ci illərdə 32 rayonda əhali arasında profilaktik baxış keçirilib: "Baxış nəticəsində 32289 nəfər müayinə olunub. 982 nəfərdə onkoloji xəstəlik aşkarlanıb".

A.Kərimli vurğulayıb ki, bu gün ölkədə ən böyük təbliğat maşını televiziyalardır: "Bu gün hansı televiziyada dövlət müəssisəsində fəaliyyət göstərən səhiyyə müəssisəsindən professor dəvət olunur? Bu gün televeziyalar Azərbaycan qadınının öz mətbəxində bişirdiyi dadlı yeməyi qoyub, günəbaxan yağında bişirdiyi yeməyi reklam edirlər. Televiziya açanda hansısa müğənninin ad gününü görürsən. Bir professor yoxdur onun ad gününü keçirsinlər? Onların ölkəyə verdiyi xeyir müğənnilərdən daha çoxdur".

Afaq Mirayiq