Sentyabrdan Koreya standartları ilə Peşə Təhsil Mərkəzi fəaliyyətə başlayacaq
    • 4-07-2019, 15:42
    • 1 032

Sentyabrdan Koreya standartları ilə Peşə Təhsil Mərkəzi fəaliyyətə başlayacaq

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi yeni tədris ilindən fəaliyyətə başlayacaq.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, artıq mərkəzdə son tamamlanma işləri həyata keçirilir.

Yeni Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Bu təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesində istifadə ediləcək kurikulumlar koreyalı ekspertlər, həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.

Layihə çərçivəsində təhsil müəssisəsində tədris prosesini həyata keçirən müəllim heyətinə koreyalı ekspertlər tərəfindən təlim keçirilib. İlkin mərhələdə 24 azərbaycanlı müəllim Koreya Respublikasında 3 ay müddətində təlimdə iştirak ediblər. Təlim prosesinin ikinci mərhələsi hazırda koreyalı mütəxəssislər tərəfindən Bakıda davam etdirilir.

Təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir.
Qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb. Qeyd olunan istiqamətdə Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Hyundai”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies” kimi bir sıra aparıcı sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalanıb.

Dövlət Peşə Təhsil Mərkəzində tam orta təhsil bazasını başa vurmuş gənclərlə yanaşı, ali təhsil müəssisələrini bitirmiş, hətta əmək bazarında uzun müddət təcrübəyə sahib peşəkar mütəxəssislər də təhsil ala biləcəklər. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəz “Torna və frezer dəzgahların operatoru”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Veb dizayner və proqram təminatçısı” və “Avtomatika üzrə usta” adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanını nəzərdə tutur.