Bakı Ali Neft Məktəbinin “Məzun günü” keçirilib - FOTO
    • 4-07-2019, 16:04
    • 1 377

Bakı Ali Neft Məktəbinin “Məzun günü” keçirilib - FOTO

İyulun 4-də Bakı Ali Neft Məktəbinin (BANM) növbəti “Məzun günü” keçirilib. 

News24.az xəbər verir ki, üçüncü dəfə keçirilən “Məzun günü”ndə SOCAR rəhbərliyinin nümayəndələri, BANM-ın rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Ali Məktəbin professor-müəllim heyəti, ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin rektorları, transmilli şirkətlərin rəhbər və təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nümayəndələri, məzunlar, onların valideynləri və qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BANM-ın rektoru Elmar Qasımov məzunları və onların yaxınlarını bu əlamətdar gün münasibətilə təbrik edərək, məzunlara gələcək karyera və həyatlarında uğurlar arzulayıb. “Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış, ölkəmizin intellektual gəncliyinin Bakı Ali Neft Məktəbindən məzun olmaları bizim üçün qürurverici və mühüm hadisədir. Bakı Ali Neft Məktəbində təhsil aldıqları müddətdə daim nizam-intizamları ilə seçilmiş, təhsil həyatlarında böyük uğurlar qazanmış məzunlarımız bu gün bakalavriat və magistratura təhsili dövrünü tamamlayır, eyni zamanda həyatda növbəti karyera və təhsil addımlarının təməlini qoyurlar. Bütün məzunlarımıza müvəffəqiyyətlər, gələcək karyera və həyatlarında uğurlar arzulayıram”– deyə rektor Elmar Qasımov qeyd edib.

Tədbir zamanı həmçinin vurğulanıb ki, BANM-ın builki məzunlarının artıq 80%-i yerli və transmilli şirkətlərə işə qəbul olunub, eləcə də, beynəlxalq universitetlərdə tam təqaüdlə təhsil əldə ediblər.

Bu gün BANM məzunları SOCAR, Star, Petkim, BP, Halliburton, Schumberger, Maire Tecnimont və s. kimi nüfuzlu müəssisələrdə çalışır.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov isə çıxışında deyib: “2011-ci ildə Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənabları SOCAR-ın qarşısında yüksək texnoloji biliklərə sahib olan, ingilisdilli neftçi mütəxəssislər hazırlayacaq və müasir təhsil standartlarına cavab verən yeni bir ali məktəb yaratmaq vəzifəsi qoydu. Bu məsələ o dövrdə SOCAR üçün olduqca aktual idi. Orta məktəb şagirdləri ilə görülmüş məqsədyönlü işlər və xüsusilə Bakı Ali Neft Məktəbinin fəaliyyətə başlaması vəziyyəti tamamilə dəyişdi. Təhsilin yüksək keyfiyyəti, yeni, müasir tədris proqramlarına uyğun təşkili qəbul imtahanlarında ən yuxarı bal toplayan abituriyenləri məhz bu ali məktəbi seçməyə həvəsləndirir. Ötən il birinci qrup üzrə 700 bal toplamış gənclərin hamısı BANM-ı seçmişdir. Bu, çox yüksək nəticədir”.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə BANM-ın nəinki Azərbaycan eləcə də, region üçün peşəkar mütəxəssislər yetişdirdiyini qeyd edib. O, BP-də çalışan BANM məzunlarının peşəkarlığından razılığını ifadə edib.

Tədbirdə Heriot Vatt universitetinin müəllimlərinin, eləcə də, BANM-ın ötənilki məzunlarının dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən bu ilki məzunlara göndərdiyi təbrik videosu nümayiş olunub.

“Məzun günü” diplomların təqdim olunma mərasimi ilə davam edib. 2018/2019-cu tədris ilində Ali Məktəbin “Neft-qaz mühəndisliyi” (46 nəfər), “Kimya mühəndisliyi” (48 nəfər), “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” (16 nəfər) ixtisasları üzrə ümumilikdə 110 bakalavr məzunu BANM-ın diplomlarını alıblar. Onlardan 40 nəfəri eyni zamanda, Heriot Vatt Universitetinin diplomunu əldə edib.

Bu il BANM ilk magistr buraxılışı həyata keçirib. 13 nəfər magistr məzunlarının hər biri Bakı Ali Neft Məktəbi ilə yanaşı, Heriot Vatt Universitetinin də diplomuna yiyələnib.
2018/2019-cu tədris ilində Ali Məktəbi fərqlənmə ilə bitirən 6 tələbənin diplomu təqdim edilib.

2019-cu il məzun buraxılışında Ali Məktəb üzrə birinci olan Rəmziyyə Qarazadənin adı simvolik kötüyə həkk olunub.
Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi Əmiraslan Baxşılı məzun dostları adından çıxış edərək, onların gənc mütəxəssis kimi yetişməklərində, bilik və bacarıqlarının artırılmasında böyük əməyi olan müəllimlərə minnətdarlıqlarını bildirib.

Valideynlər adından çıxış edən məzun Eltun İbrahimovun anası Natella İbrahimova yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü bildirib. “Biz Ağdam rayonundan məcburu köçkün düşmüşük. Çətinliklərə baxmayaraq, oğlum Eltun İbrahimov 700 bal toplayaraq, Prezident təqaüdü ilə Bakı Ali Neft Məktəbinə daxil olub. Təhsilini uğurla başa vuran oğlum hazırda Köln Universitetində Almaniya hökumətinin təqaüdü ilə təhsilini davam etdirir və sevindirici haldır ki, eyni zamanda da SOCAR-dan iş təklifi alıb”-deyə Natella İbrahimova qeyd edib.

“Məzun günü”nün bədii hissəsində İnformasiya təhlükəsizliyi ixtisasının 1-ci kurs tələbəsi Xəyal Fərzəliyev Məmməd Arazın “Atamın kitabı” poemasından nümunələr, Kimya mühəndisliyi ixtisasının 2019-cu il məzunu Tofiq Şəkinski Yirumanın “River flows in you” kompazisiyasını, eyni zamanda, Şotland qonaq İnnes Moir volınka alətində Şotland milli musiqisini ifa ediblər. Bədii hissə Çingiz Mustafayevin rəhbərlik etdiyi “Palmas” qrupunun konserti ilə davam edib.

“Məzun günü”nün sonunda mantiya geyinmiş məzunların ənənəvi “papaq atma” mərasimi keçirilib.