"Azərişıq"ın Cənub regionu üzrə abunəçilərinin sayı açıqlanıb
    • 6-07-2019, 15:00
    • 537

"Azərişıq"ın Cənub regionu üzrə abunəçilərinin sayı açıqlanıb

Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi və Azərbaycan Milli Mətbuatının yaranmasının 144 illiyi münasibəti ilə "Azərişıq" ASC jurnalistlər üçün media-tur təşkil edib.

News24.az xəbər verir ki, ikigünlük media-turda 30-a yaxın kütləvi informasiya vasitəsinin əməkdaşı iştirak edib.
Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarını əhatə edəcək səfər zamanı jurnalistlər "Azərişığ"ın Cənub zonasında gördüyü yenidənqurma işləri ilə tanış olacaq.

"Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, ümumilikdə rayonu əhatə edən "Cənub" Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 200 mindən çox abunəçi var: "Bu səfərimizi Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi və Azərbaycan Milli Mətbuatının yaranmasının 144 illiyi münasibəti ilə təşkil etmişik. Bildiyiniz kimi Ümummilli liderimiz ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizdə sabitlik yarandı və iqtisadiyyat, mədəniyyət, sosial və digər sahələrdə geriləmə inkişafla əvəz olundu. Məhz onun sayəsində enerji sektorunda ötən əsrin 60-cı illərində başlamış inkişaf sonrakı illərdə də davam etdi. Məhz onun bu uğurlu və mislisiz siyasətini layiqli davamçısı Prezident İlham Əliyev də davam etdirib. Məhz bunun nəticəsidir ki, son illər bütün sahələrdə olduğu kimi energetika sahəsində də davamlı inkişaf gedir. Günü-gündən abunəçilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatında nəzərəçarpacaq dəyişikliklər baş verir. Hesab edirəm ki, media bu yenilikləri işıqlandırmalıdır. Hazırda səfər etdiyimiz "Cənub" RETSİ ərazisində 206 min abunəçi var ki, onların da 93,7%-i və ya 193 mini əhali qrupu abunəçilər, 6,3%-i yaxud 13 mini isə qeyri-əhali qrupu abunəçilərdir".

Media-tur çərçivəsində jurnalistlərin ilk dayanacağı Cəlilabad rayonu olub. Rayonda həyata keçirilən tədbirlər barəsində jurnalistlərə məlumat verən Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Maarif Novruzov deyib ki, regionda olan abunəçilərin 20,4%-i təkcə Cəlilabadın payına düşür.

“Hazırda rayonda 42 min abunəçi var. Onlardan 39 mini əhali qrupu, mini isə qeyri-əhali qrupuna aiddir. Burada 110/35/10 Kvt-luq Cəlilabad yüksək gərginlikli elektrik ötürücü yarımstansiyası yerləşir ki, bu da 300 min əhalinin elektrik təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulub və hazırda Cəlilabadın 230 min əhalisi var. Bu da yarımstansiyanın gələcək inkişaf perspektivinin olduğunu göstərir”, - deyə M.Novruzov əlavə edib.
Xatırladaq ki, Cənub rayonlarına təşkil edilən media-səfər Azərbaycanda paylayıcı elektrik şəbəkələrinin yaranmasının 90 illiyi münasibəti ilə Azərenerji" və "Azərişıq" ASC-lərin başladığı kampaniya çərçivəsində reallaşdırılıb. İlin sonuna qədər digər regionlara da belə səfərlərin təşkili planlaşdırılır.