Məşhur obyektlərin sahibləri 4000 manat CƏRİMƏLƏNDİ - RƏSMİ
    • 8-07-2019, 18:03
    • 1 365

Məşhur obyektlərin sahibləri 4000 manat CƏRİMƏLƏNDİ - RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən çimərlik ərazilərində keçirilən monitorinqlərin nəticələrinə uyğun olaraq Xəzər dənizinin Bakı, Abşeron və şimal sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində reydlər keçirilib.

Ekologiya  və Təbii Sərvətlər Nazirliyin mətbuat katibi İradə İbrahimova News24.az-a açıqlamasında bildirib ki, Novxanı, Türkan və Hövsan çimərlikləri ərazisində keçirilən reydlər zamanı “Neptun”, “Balıqçı”, “Alma”, “Antalya”, “Mirvari”, “Qala”,“Riad Park” və “Caspian Beach” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılması faktlarına görə sözügedən obyektlərə cavabdeh şəxslər Rəhim Xəlilov, Pərvanə Eyyubova, Anar Quliyev, Fərhad Əsgərov, Azər Rzaquliyev, Şahin Babayev, Anar Allahyarov və İsmayıl Hüseynov barəsində akt, protokol tərtib olunub və hər biri vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə edilib.

“Xəzər dənizinin şimal sahil zolağında keçirilən reydlər zamanı isə “Elay”, “Malibu”, “Jalə”, “Yalama-Xəzər Tusit Bazası” və “Lokomotiv” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılması faktlarına görə akt və protokollar tərtib olunub. Obyekt sahibləri Maya Vəliyeva, Rüfət Nəsizadə, Amil Məmmədov, Mahir Şirəliyev vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə edilib, “Lokomotiv” istirahət mərkəzinin isə hüquqi şəxs qismində cərimə olunması üçün tərtib olunmuş sənədlər rayon məhkəməsinə göndərilib. Obyekt sahiblərinə sutəmizləyici qurğuların quraşdırılması üçün icrası məcburi olan “məcburi göstəriş”lər verilib”. Nazirliyin rəsmisi onu da bildirib ki, reydlər Xəzər dənizinin cənub sahil zolağında da keçirilir və nəticələri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

Mətbuat katibi İ.İbrahimova bir daha dəniz kənarında fəliyyət göstərən obyekt sahiblərinə, fərdi evlərindən dənizə çirkab su axıdan vətəndaşlarımıza müraciət edib: “Neçə illərdir təbiətimizə, dövlətimizin və xalqımızın sərvətinə laqeyd münasibət göstərərək çirkab suları dənizə axıdırsınız və ona böyük ziyan vurursunuz. Heç olmasa öz övladlarınızın, doğmalarınızın səhhətini, sağlamlığını düşünün və buna son qoyun. Müasir texnologiyaların sürətlə inkişaf etdiyi zamanda yaşayırsınız, lakin yeni texnologiyalardan istifadə etmək əvəzinə, primitiv, köhnə üsullardan uzaqlaşa bilmirsiniz.

Xüsusilə vurğulamaq istərdik ki, dənizimizə bu cür etinasız münasibət davam edərsə, hamımızın sağlamlığımız təhlükə altında qala bilər. Yenə də hər kəsi təbiətimiz qarşısında öz məsuliyyətini dərk etməyə çağırırıq. Hər kəsin işi təbiətə, dənizə zərər vurmaq yox, onu qorumaq olmalıdır!”.