-
- Bu gün, 16:32
- 94
12 ildir Gürcüstanı fırladan İvanişvili kimdir?
Gürcüstanda baş verən son hadisələr dünya mediasının gündəmindən düşmür. Avropadan maliyyələşən QHT-ləri nəzarətə almaq istəyən Gürcüstan hökuməti əməlli-başlı təzyiqlə üzləşib - ABŞ-nin təhdidlərindən tutmuş, Avropa Birliyinin sanksiyalarına qədər.
Diqqət mərkəzində yenə də “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının fəxri sədri Bidzina İvanişvilidir. Ölkəni bağ evindən idarə edən “boz kardinal” bütün etirazlar fonunda fikrini dəyişənə oxşamır, ümumiyyətlə, o, bu düşüncəni neyronlarının yaxınına da buraxmır.
Bidzina İvanişvili – Yeltisinin sponsoru, üç ölkənin vətəndaşı
Bidzina İvanişvili Saçxərə (Sareki) rayonunun Çorvila kəndində doğulub, kasıb ailənin beşinci uşağı olub. Ali təhsil alan zaman metallurgiya zavodunda təmizlik işçisi işləyib.
Sonradan o, öz fərasəti ilə Rusiyada biznes qurub. Bidzina universitetdə oxuyarkən tanış olduğu Vitali Malkinlə ölkəyə telefonlar və kompüterlər idxal edib. 1990-cı ilə qədər isə tərəfdaşlar “Rusiya Kredit Bankı”nı açmaq üçün kifayət qədər pul toplaya biliblər. İvanişvili aktivini 67%-ə çatdıraraq oliqarxa çevrilib, bankın prezidenti vəzifəsini icra edib. Tezliklə bank valyuta bazarında, eləcə də qızıl və əlvan metallar bazarında əsas oyunçu kimi çıxış edib. 2000-ci illərin əvvəllərində İvanişvilinin aktivlərinə onlarla müəssisə, o cümlədən fabriklər, banklar, otellər, sığorta şirkəti, qeyri-dövlət fondları, apteklər şəbəkəsi, eləcə də iri inkişaf layihələri daxil olub.
2004-cü ildə İvanişvili kəndinə qayıdıb, yerli əhaliyə kömək edib və dağılmış regional infrastrukturu bərpa etməyə başlayıb. İvanişvili koronavirus pandemiyasına qarşı mübarizəyə on milyonlarla dollarlıq töhfələrinə görə Fransanın “Fəxri legionunun cəngavəri”dir. O, ən çox evdə, dəniz sahilindəki iqamətgahında və ya doğma dağ kəndində - Çorvilada olmağı sevir. Adətən jurnalistlərdən çəkinən Bidzina İvanişvili 90-cı illərdə Rusiya siyasətində iştirakından danışanda fəxrlə Boris Yeltsinin seçki kampaniyasını dəstəkləyən “yeddi bankir”in adını çəkir.
Bidzina İvanişvili 2011-ci ildə seçkilərdə Qərbyönlü prezident Mixail Saakaşviliyə rəqib olmaq qərarına gələndə Gürcüstan siyasətində açıq şəkildə peyda olub. O, bir vaxtlar Saakaşvilinin islahatlarına heyranlığını bildirib, onların bir çoxunu maliyyələşdirdiyini vurğulamağı da unutmayıb. Məsələn, o, 2003-cü ildə “Qızılgül inqilabı”ndan sonra ilk dəfə məmurların maaşı fondu yaradıb, Müdafiə Nazirliyinin kazarmalarını saxlayıb, polisə maşınlar alıb. Bütövlükdə 1 milyard lari xərcləyib.
Müxalifəti Saakaşviliyə qarşı birləşdirən Bidzina parlament seçkilərdə qalib gəlib. Bu qələbədə İvanişvilinin kampaniyasının məişət texnikası paylanması və “hər kəndə 5 milyon dollar” vədləri və hətta Abxaziya probleminı “satın almaq”la həll edəcəyi ilə bağlı vədləri mühüm rol oynayıb. Lakin illər keçsə də, o vədlərin heç biri reallaşmayıb.
Seçdiyi rəhbər şəxslər – Oğlunun dostu, keçmiş işçiləri
Konstitusiyaya görə, baş nazir hakim partiya tərəfindən təqdim edildikdən sonra parlament tərəfindən təsdiqlənir. Bidzina İvanişvili qeyri-rəsmi olsa da bu gün həm parlament, həm də hökumətdir. Baş nazirlər daxil olmaqla, bir çox rəsmilər onun keçmiş işçiləridir. Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili, müdafiə naziri Cuanşer Burçuladze və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili əvvəllər İvanişvilinin şirkətlərində işləyiblər. Daxili işlər naziri Vaxtanq Qomelauri milyarderin şəxsi mühafizəsinin rəhbəri, Ali Məhkəmənin hakimi Şalva Tadumadze isə İvanişvilinin keçmiş vəkili olub.
Axşam saat 10-dan gec olmayaraq yatdığı deyilən milyarderin gündəlik iş rejiminə siyasi hay-küy uyğun gəlmir. İvanişvili düz bir il baş nazir vəzifəsində çalışıb və 2013-cü ilin noyabrında onu açıq-aşkar yükləyən ictimai məsuliyyətlərdən qurtularaq istefa verib. Özündən sonra o, 31 yaşlı İrakli Qaribaşvilini baş nazir təyin edib və o, Gürcüstan tarixində ən gənc hökumət başçısı olub. Qaribaşvili milyarderin diqqətinə Fransada oxuyarkən İvanişvili ailəsinin böyük oğlu ilə dostluğu sayəsində gəlib. O vaxtdan bəri müxtəlif məsələlərdə sirdaşa çevrilib.
Qaribaşvili kobud şəkildə, xəbərdarlıq edilmədən, Yeni il ərəfəsində - 23 dekabr 2015-ci ildə işdən çıxarılıb. Onun vəzifəsindən azad edilməsi barədə rəsmi məlumat yayılan zaman o, yeni il müraciəti hazırlayırmış. Hər halda, “Gürcü arzusu” hökumətində heç bir baş nazir üç ildən artıq fəaliyyət göstərməyib. İvanişvili ilə işləməli olan siyasətçilər deyirlər ki, kadrların tez-tez dəyişdirilməsi onun tərzidir.
“Forbes”in son reytinqinə görə, onun sərvəti 7,3 milyard dollar qiymətləndirilir. Gürcüstanın 2023-cü il üçün icmal büdcəsinin xərclər hissəsi təxminən 10,6 milyard dollar təşkil edib. Bu ilin fevralında İvanişvilinin 67 yaşı tamam olub, lakin görünür, bu, artıq Qara dəniz sahilindəki mülkündə oturub Keniyadan şəxsi dendrarisinə gətirilən baobablara baxmaqdan yorulub.
Müxtəlif illərdə siyasətdən getdiyini açıqlasa da, hər dəfə seçkilər öncəsi partiyanın başına keçib. Elə sonuncu parlament seçkilərdəki kimi. Gürcüstanda rusiyayönümlü İvanişvilinin Avropanın bəyanatları fonunda verdiyi açıqlamalara əsaslanaraq bildirirlər ki, milyarder hazırda ölkənin qeyri-rəsmi hökmdarı olaraq qalır və hakim komandanın yalnız onun razılığı ilə qərarlar qəbul edir.
Bidzina İvanişvili şantajdan, təqibdən qorxan adam deyil. Vaxtilə Moskvada kriminal ünsürlər onun qardaşını girov götürüblər, külli miqdarda xərac tələb ediblər. Amma İvanişvii onların tələbinə boyun əyməyib, riskə gedib. Sonradan Rusiyanın DİN rəhbəri olan Ruşaylo İvanişvilinin qardaşının canilərdən xilas edib. Buna görə İvanişvili Moskva milisinə borclu qalmayıb.
Sağ yanında baş nazir, sol yanında prezident - ortada özü, heç bir vəzifəsi olmayan İvanişvili
Yeni prezident Mixail Kavelaşvili də onun kadrıdır. İvanişvili ona güvənir, ona görə də ali təhsili olmayan keçmiş futbolçunu prezident “təyin edib”.
Ancaq Gürcüstanda, regionda, eləcə də bütün dünyada hamı blir ki, 13 ildir Gürcüstanı bu adam fırladır.