Necə cür sosial yardım ala bilərsiniz? -Cavab
    • Bu gün, 19:56
    • 216

Necə cür sosial yardım ala bilərsiniz? -Cavab

"Bir sual, bir cavab" rubrikasında növbəti mövzu sosial yardım ilə bağlıdır.

Sosial müavinətlər – qanunvericlikdə nəzərdə tutulmuş şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

Bəs sosial müavinətlərin hansı növləri var və nə zaman təyin edilir?

Aylıq müavinətlər

1)dövlət qulluqçularına ömürlük müavinət;

2) yaşa görə müavinət:

 –əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;

3) əlilliyə görə müavinət:

Tibbi Sosial Ekspert Komissiyasının qərarı  əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda;

4) ailə başçısını itirməyə görə müavinət:

əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda:

yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə.

5) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət:

bu müavinəti almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda;

6) 3 yaşınadək uşağa qulluğa görə müavinət:

3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda;

7) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət:

şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda;

8) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət:

müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda;

9) 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət:

ailənin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda;

10) vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət;

11) beşdən çox uşağı olan qadınlara müavinət:

beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda;

12) övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət:

valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə).

Birdəfəlik müavinətlər

1) Radiasiya qəzası nəticəsində zərər çəkmişşəxslərə hər il müalicə üçün müavinət:                                                                                                          şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində əlilliyini təsdiq edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qəbul edilmiş qərar təqdim edildiyi halda;

2) uşağın anadan olmasına görə müavinət:

müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edildiyi halda;

3) dəfn üçün müavinət:

 dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət və ya ailə başçısını itirməyə görə müavinətlərdən biri təyin edilmiş şəxs və ya “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdiyi halda;

4) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət:

Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsi (Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri) nəzərə alınmaqla, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduğu halda.

Müavinətlərin təyin edilməsi müddətləri: 

- dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət – ömürlük;

- əlilliyə görə müavinət – əlillik müddətinə;

- ailə başçısını itirməyə görə müavinət:

- vəfat etmiş şəxsin uşaqlarına – 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);

-  vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına – əlillik müddətinə;

- vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə – uşağın 8 yaşınadək.

- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək;

- 3 yaşınadək uşağa qulluğa görə müavinət – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə;

müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət – müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə;

- 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət – uşağın bir yaşı tamam olan ayın sonunadək;

- beşdən çox uşağı olan qadınlara müavinət — uşağın 18 yaşı tamam olan ayın sonunadək;

övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmişuşağa görə müavinət – 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir.

Müavinətin təyin olunması üçün hara müraciət edilməlidir?

Müavinət və ya təqaüd almaq hüququ yarandıqdan sonra şəxs Bakı şəhəri üzrə  “DOST” mərkəzinə,  rayonlar üzrə isə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə elektron qaydada və ya poçt vasitəsilə, habelə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” ərizə ilə müraciət edə bilər.

Müavinətin təyin edilməsi qaydaları:

Müavinətin təyinatı barədə qərar müraciətin qeydə alındığı gündən ən geci 10 gün müddətində çıxarılır. Əgər müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edilərsə, səbəblər göstərilməklə müraciət edən şəxsə 5 gün müddətində rəsmi məlumat verilməlidir.

Müraciət edən şəxsin müavinətin təyin olunmasından imtina barədə qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.