Allergiyanın əmələ gəlmə səbəbləri xəstələrin sayında kəskin artım var
    • 22-07-2019, 21:13
    • 9 670

Allergiyanın əmələ gəlmə səbəbləri xəstələrin sayında kəskin artım var

Statistik məlumatlara əsasən, son illər bütün dünyada allergik xəstəliklərin sayında kəskin artım müşahidə edilir. Alimlərin son araşdırmalarına görə, 2020-ci ildə Avropa əhalisinin yarısının bu xəstəliklərdən əziyyət çəkəcəyi ehtimal edilir.
Allergik xəstəliklərin yaranma səbəbləri arasında irsilik, virus infeksiyaları, qida və ekoloji dəyişiklikləri misal çəkmək olar.
News24.az xəbər verir ki, valideynlərində allergik xəstəliklər olan uşaqlara süni qida, sitrus meyvələri, yumurta, şirniyyatların verilməməsinə diqqət yetirilməlidir. Bu qidalar orqanizmin həssaslığını artırır, allergik reaksiya və ya xəstəliyin yaranmasına səbəb olur. Yeni doğulan uşaqlarda allergiya özünü bəzi hallarda büruzə verir. Misal üçün, yanaqda əmələ gələn qızartı və ya səpkilər, başda olan qartmaqlar gələcəkdə ola biləcək xəstəliyin xəbərçisidir. Allergiyanın əmələ gəlmə səbəblərindən biri də irsilikdir. Valideynlərdən birində allergik xəstəlik və ya reaksiyanın olması uşağın bu növ xəstəliklərə meyillilik riskini yüzdə əlli, hər ikisində olması isə 75 faiz artırır.
Altı aylığa qədər olan uşaqlarda allergiyanın əmələ gəlməsinə əsasən qida məhsulları səbəb olur. Allergik reaksiya özünü səpki, öskürək, asqırıq, boğulma və bir sıra digər hallarla büruzə verir. Xəstəlik və reaksiyalar mərhələli davam edir. Yeni doğulmuş körpələri ananın immun sistemi qoruyur. Altı aydan sonra körpələrdə immunitet bir qədər zəifləyir, onlarda virus və ya bakterial mənşəli xəstəliklərə meyillilik artır.
Əgər uşaqlarda üç yaşa qədər təngnəfəslik və ya xışıltılı nəfəsalma müşahidə edilirsə, bu, artıq obstruktiv bronxitin göstəricisidir. Belə uşaqlar bronxların bəlğəmlə tıxaclanması səbəbindən çətin nəfəs alır və mütəmadi olaraq öskürürlər. Onlar bronxlarda olan seliyi ifraz etməyə çalışırlar ki, bu da güclü öskürəklə nəticələnir. Bu hal artıq xəstəliyin astmaya keçmə ehtimalını artırır.
Bronxial astma qəflətən və hərarətsiz başlayır, tənəffüs yollarında xışıltılı səslə müşahidə edilir. Belə uşaqlar hava çatışmazlığı səbəbindən pəncərə kənarına, hava gələn tərəfə can atırlar. Bronxlar tıxaclandıqda oksigen ağ ciyərə az daxil olur ki, bu zaman onun orqanizmə yayılması çətinləşir. Bu xəstəlik zamanında müdaxilə edilmədikdə çox ağır fəsadlarla nəticələnə bilər. Uşaqda bir dəfə belə boğulma halları müşahidə edilərsə, valideynin dərhal həkimə müraciət etməsi mütləqdir. Boğulma halları olduqda yubanmadan təcili yardıma xəbər verilməlidir. Təcili yardım gələnə kimi isə ilk yardım olaraq evdə pəncərə açılmalı, spazmaların azalması üçün xəstənin əlləri ayaqları isti suya qoyulmalı, kiçik qurtumlarla isti su içirdilməli, xəstənin üzərində olan dar paltarlar çıxarılmalıdır.
Bronxitlər virus mənşəli olduqda hərarət, asqırıq, gözyaşı ilə müşahidə edilir. Allergen mənşəli olduqda isə bütün bu hallar olmur. Xəstəliyin bu iki növünü bir-birindən ayırmaq mütləqdir. Belə ki, bronxit növlərinə uyğun müalicə edilməlidir. Körpə yaşlarında obstruktiv bronxit keçirmiş insanların hər an astma xəstəliyinə tutulma ehtimalı var.
Bronxial xəstəlikdən əziyyət çəkənlər özlərini qorumalı, sağlamlıqlarına daima diqqət yetirməli, həssaslığı artıran hər bir şeydən uzaq durmalıdırlar.
Bəzən viruslar da xəstəliyin aktivləşməsinə təkan verir. Bundan əlavə onu da qeyd edim ki, yaşdan asılı olmayaraq allergiyanın bir növü digəri ilə əvəz oluna bilər. Allergiyanın dəri formasının müalicəsi dermatoloqlarla birgə aparılmalıdır. Belə ki, səpki ilə mübarizəyə başlamazdan əvvəl onun mənşəyi müəyyənləşdirilməlidir. Bu xəstəliklərdən əziyyət çəkən uşaqların qidalanması da düzgün olmalıdır. Bəzən valideynlər kriz dövrü keçdikdən sonra pəhrizi dayandırırlar. Bu, yanlışdır. Pəhriz illərlə davam edə bilər. Burada vacib olan səbəbkar allergenin qidadan uzaqlaşdırılmasıdır. Normal qidaya qayıdış mütəmadi olaraq qanda immunoqlobulinin miqdarının ölçülməsi ilə müəyyən edilməlidir.
Yaz ayları ilə əlaqədar allergiyanın pollinoz növü aktivləşir. Bu növ allergiyaya həssas insanların evdən az-az, zərurət yarandıqda isə maska ilə çıxmaları məsləhət görülür. Onların evlərinin pəncərələrində daima tor olmalı və bu torlar gündə iki dəfə yuyulmalıdır.
Allergiyadan ölüm hallarına çox nadir rast gəlinir. Bu hansısa bir dərman və ya qidaya olan çox yüksək allergik reaksiya nəticəsində meydana çıxan qəfləti anafilaktik şok nəticəsində baş verə bilər.
Allergiyanın müalicəsində ilk olaraq xəstəliyin virus və ya allergen tərəfindən törədildiyinin müəyyən etmək vacibdir.
Allergiyaya qarşı dərmanların həkim məsləhəti olmadan istifadəsi tamamilə düzgün deyil. Bu dərmanların çox böyük ziyanı olmasa da, yan təsirləri əmələ gələ bilər.