"İlk qarşılaşmada yaxşı nəticə qazanmağa çalışacağıq" “Qəbələ”nin baş məşqçisi
    • 24-07-2019, 22:44
    • 774

"İlk qarşılaşmada yaxşı nəticə qazanmağa çalışacağıq" “Qəbələ”nin baş məşqçisi

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin sabah keçiriləcək “Qəbələ” – “Dinamo” (Tbilisi, Gürcüstan) oyunundan öncə “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib. 
News24.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis “Dinamo”nun ciddi rəqib olduğunu bildirib:
“Sabah Avropa Liqasında ilk oyunumuza çıxacağıq. Gürcüstan “Dinamo”su ilə qarşılaşacağıq. Çox ciddi bir rəqibdir. Məsuliyyəti dərk edirik. Sabah evdə keçiriləcək ilk qarşılaşmada yaxşı nəticə qazanmağa çalışacağıq. Baxmayaraq ki, həm rəqib ciddi komandadır, həm də onlarda çempionat davam edir. Biz hazırlıq prosesini yeni başa vurmuşuqsa, rəqib çempionatda mübarizə apardığı üçün daha hazırlıqlı görünür. Biz iki mərhələdə keçən hazırlıqda bacardığımız qədər futbolçuların bu dövr üçün yaxşı forma yığmasına çalışdıq. Meydana çıxacaq futbolçulara inanırıq. Onlar yoxlama oyunlarında istəkli olmaları ilə bizə ümid verdilər. Oyunçularımız bütün bunları sabah meydanda nümayiş etdirməlidirlər”.
Qurbanov Tbilisi təmsilçisinin son oyunları və heyəti barədə də fikirlərini bildirib: “Rəqibin son oyunlarını izləmişik. “Dinamo” ardıcıl qələbələr qazanıb və yaxşı təsir bağışlayıb. Onların oyununu analiz etmişik. Həm müdafiə, həm hücumda səhvsiz oynamalıyıq ki, rəqib istədiyini meydanda nümayiş etdirə bilməsin. Bütünlükdə götürsək, rəqib sürətli komandadır. Hər bir oyunçusu yaxşı keyfiyyətlərə malikdir. Onlar arasında daha çox Levan Şengeliyanı qeyd edərdim”.
Mütəxəssis “Qəbələ”də çıxış edən gürcüstanlı futbolçulara da toxunub: “Davit Volkov və Merab Qiqauri inandığımız oyunçulardır. Komandamızın əsas futbolçularındandır. Merab komandaya yeni qoşulsa da, adaptasiya dövrünü tez arxada qoyub. Volkov isə bu ilin əvvəlindən komandamızın heyətindədir. O, bizimlə titul qazanıb, həm kubok, həm çempionatda da komandaya köməyi dəyib və yaxşı təsir bağışlayıb”.