Azərbaycanda atçılıq turizmi - atçılıq idman klubları+ ARAŞDIRMA
    • 24-07-2019, 23:58
    • 2 953

Azərbaycanda atçılıq turizmi - atçılıq idman klubları+ ARAŞDIRMA

Türk dünyasının ayrılmaz bir hissəsi olan Azərbaycanda qədimdən zamanlardan atçılıqla məşğul olublar. Hazırda dünyada atın 425-dən çox cinsi var, bunlardan ikisi – Qarabağ və Dilbaz atları bizim ölkədə yetişdirilir. Bu iki at cinsi Azərbaycan xalqının fəxridir. Azərbaycanın ən məşhur milli at cinsi isə Qarabağ qaçağanıdır. News24.az olaraq bu dəfə atçılığın turizmin inkişafına istiqamətlənən geniş imkanlarına nəzər salacağıq.

Son zamanlar atçılıq səyahətləri təkcə Azərbaycanın regionlarına yollanan turistlər arasında deyil, həmçinin atçılıq turizmi klublarının sayının ildən-ilə artdığı paytaxtımızda da daha çox sevilir. Klubların mükəmməl atları var, burada bütün marşrutları yaxşı bilən və turistləri gözləyən bütün sürprizləri əvvəldən görməyi bacaran yaxşı mütəxəssislər işləyirlər. Klublarda böyüklərə və uşaqlara at minməyi öyrədirlər.

 “Gunay Equestrian Invest”

Məsələn, “Gunay Equestrian Invest” atçılıq idmanı klubu bu idman növü ilə həvəskar və peşəkar səviyyədə məşğul olanlar, at belində və ekipajla gəzintiyə çıxanlar üçün geniş əraziyə, habelə müasir manejə malikdir. Təlimatçılar və klubun məşqçiləri sizə atı idarə etməyi öyrədəcək, yəhərə inamla və ustalıqla əyləşməyə kömək edəcəklər.

Klubun sərəncamında “Qarabağ”, ərəb atları, “Dilboz”, “Axaltəkə”, ingilis atı cinsləri var. Onların arasında həm gəzinti və idman, həm də əsl qaçağan və löhrəm atlara rast gəlmək olar.

Hazırda bu klub Azərbaycanda atçılıq idmanının inkişafı mərkəzidir.

“Elite Horse and Polo Club”

Bu klubda isə atçılıq idmanı üzrə peşəkarlar və at belində gəzinti həvəskarları üçün hər cür şərait mövcuddur. Arzu edənlər klubun nəzdindəki xüsusi mağazadan atçılıq idmanı üçün zəruri olan hər cür ləvazimatı əldə edə bilərlər.

Atçılıq klubu atların saxlanılması və təlimi, ölkə ərazisi boyunca və xaricə daşınması, sərhəddən keçməsi üçün brokerlər vasitəsilə baytarlıq və gömrük sənədlərinin rəsmiləşdirilməsi xidmətlərini də təklif edir.

Burada gənc həvəskarlar üçün erkən yaşlardan at minməyi öyrədən “Poni-klub” fəaliyyət göstərir.

Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialı

Azərbaycan Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialı rayonun dilbər guşələrindən biri olan Daşüz kəndində yerləşir. Mərkəzdə ərəb qaçağanları, təmiz qanlı ingilis atları, alman “Traken”i, türkmən “Axaltəkə”si və digər at cinsləri yetişdirilir və saxlanılır.

Mərkəzdə ildə iki dəfə - dekabr və may aylarında ölkənin 16 rayonunun komandalarının iştirakı ilə çövkən yarışları keçirilir. Bundan başqa, “Sür-papaq”, “Papaq oyunu”, at üstündə güləşmə və digər oyunlar da təşkil olunur.

Turistlərə oyunların gedişini izləməklə yanaşı, iştirakçı olmaq imkanı da yaradılır. Bunun üçün onlara təcrübəli məşqçi tərəfindən təlimat verilir, yaxud sadəcə at belində gəzmək imkanı yaradılır.