DOST mərkəzinə 20 mininci vətəndaş müraciəti QEYDƏ ALINDI
    • 26-07-2019, 10:29
    • 1 135

DOST mərkəzinə 20 mininci vətəndaş müraciəti QEYDƏ ALINDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 20 mininci vətəndaş müraciəti qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müraciəti paytaxtın Yasamal rayon sakini Zakir Cəfərov edib. O, əmək pensiyasının bərpa edilməsi və yenidən hesablanması üçün müraciət edərək, bu sahədə DOST mərkəzinin xidmətindən faydalanıb. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Z.Cəfərovu DOST mərkəzinə müraciət edən 20 mininci vətəndaş olması ilə əlaqədar təbrik edib və ona Agentliyin hədiyyəsini təqdim edib.

Z.Cəfərov mərkəzdə “bir pəncərə”, həmçinin operativlik, şəffaflıq, rahatlıq prinsipləri əsasında göstərilən xidmətdən məmunluğunu bildirib.  O, DOST mərkəzinin vətəndaşlara dost mövqeyindən xidmətlər göstərdiyinin əyani şahidi olduğunu deyib, özünün də artıq DOST-un 20 mininci dostu olduğunu vurğulayıb.

Xatırladaq ki,  1 saylı DOST mərkəzi cari ilin may ayında açılıb. Mərkəzdə məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə 126 növdə xidmət təqdim edilir.  Mərkəzə hər gün 400-500 arası vətəndaş müraciəti qeydə alınır.  

2019-2025-ci illərdə bütün ölkə üzrə 31 belə DOST mərkəzi yaradılacaq.