DOST vətəndaşlara 6486 elektron sorğu üzrə xidmət göstərib
    • 6-05-2020, 13:34
    • 785

DOST vətəndaşlara 6486 elektron sorğu üzrə xidmət göstərib

Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi müddətində DOST mərkəzlərində indiyədək 6486 elektron sorğu üzrə vətəndaşlara xidmətlər göstərilib.

DOST Agentliyindən News24.az-a verilən məlumata görə, martın 24-dən mayın 6-na qədər 1 saylı Bakı DOST Mərkəzinə 5268, 2 saylı Bakı DOST Mərkəzində isə 1218 sorğu üzrə elektron ünvanlar vasitəsilə müavinət, pensiya, təqaüd və məşğulluğa dair vətəndaş müraciəti cavablandırılıb. Sorğuların 2289-u məşğulluq, 2136-ı müavinət, 1736-ı pensiya və 325-i isə təqaüd məsələləri ilə bağlı olub. 

Xüsusi karantin rejimi ərzində 1 saylı Bakı DOST Mərkəzinin sosial xidmətçiləri və DOST könüllüləri tərəfindən 1682 ünvan üzrə evdə sosial xidmət göstərilib. Bunun 345-i isə yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara evdə göstərilən sosial xidmətlər təşkil edib. 

Martın 24-dən bu günə qədər Çağrı Mərkəzi 142-yə daxil olmuş 210 869 zəngdən 205 814-ü (97,6%) cavablandırılıb. Çağrı Mərkəzinə müraciətlər məşğulluq (79,4%), əmək qanunvericiliyi (0,7%), əlillik dərəcəsinin təyin olunması (0,6%), əmək pensiyaları (1,4%), sosial müavinətlər (3,3%), ünvanlı dövlət sosial yardımı (2,8%), sosial məişət xidmətlərinin göstərilməsi (5,7%) və digər məsələlərlə bağlı (6.1%) olub. Eyni zamanda onlayn çat üzərindən mərkəzin operatorları tərəfindən vətəndaşların 5 080 müraciət və sorğuları cavablandırılıb. 

Qeyd edək ki, fəaliyyət göstərdiyi bir il müddətində DOST mərkəzlərində 99 303 müraciət üzrə vətəndaşlara  xidmət göstərilib.