Sevgi çatışmazlığı, travmalar, özünü qəbulanmama - MÜSAHİBƏ
Sağlamlıq
"Özünü qəbullanmama müasir cəmiyyətimizin problemlərindən biridir. Bu problerm hətta digər psixoloji problemlərdən daha öndə dayanır. Bu problemlərlə çoxları qarşılaşır. Bu elə vəziyyətdir ki, insan özünü olduğu kimi qəbul edə, sevə bilmir, öz çatışmazlıqlarını, mənfi cəhətlərini qabardır. Nəticədə insana qüsurları xətalar yetirməyə başlayır. Yəni, həm psixoloji, həm də fiziki diskomfort halları yaşanmağa başlayır".
Bu sözləri News24.az-a müsahibəsində psixoloq Elşən Ələsgərli deyib. Psixoloq sözügedən mövzu ilə bağlı bir çox suallarımıza aydınlıq gətirib. Müsahibəni təqdim edirik:
Elşən Ələsgərli
- Elşən bəy, özünü qəbul etməmək nədir?
- Özünü qəbul etməmək insanın şəxsiyyətini, xüsusiyyətlərini, görünüşünü və ya onun fikrincə, ona maneə yaradan hər hansısa halını qəbul edə bilməməsidir. Bu vəziyyətdə adətən insan özünə dəyər vermir, çox vaxt "məndə nəsə çatışmır" düşüncəsi ilə yaşayır. Bu da ona həm emosional, həm də psixoloji narahatlıqlar yaradır və gərginləşməsinə səbəb olur.
- Bəs, insan özünü qəbullana bilməyəndə nə olur?
- Özünü qəbullana bilməyən insan özündə müsbətləri görmür və yalnız mənfilərə köklənir. Bu cür insanların gözəçarpan, üzərində böyük bir yük əmələ gətirən mənfilərə köklənir və bu mənfilər onun həyatında dağınıqlar yaratmağa başlayır. Hətta ola bilsin ki, onun mənfi deyib qəbul etmədikləri başqaları üçün o qədər də əhəmiyyət kəsb etmir. Sadəcə olaraq, o, buna çox böyük əhəmiyyət verdiyinə görə problemə çevirir və elə bu səbəbdən ilk növbədə özü ilə münasibətləri korlanmağa başlayır. İnsanın özünə inamı itir. Nəticədə bu, onun həm şəxsi həyatında, həm də iş həyatında çökmələrə səbəb olur. Bu cür insan uğur qazana bilmir, günü-gündən zədə alır, zərbə alır və depressiyaya uğrayır.
- Özünü qəbullana bilməmənin kökündə nə dayanır?
- Özünü qəbullanmamaq daha çox subyektiv yanaşmadır. Yəni insanın özünə neqativ yanaşmasıdır. Bu yanaşmanın kökündə həm uşaqlıq, həm də ilk yetkinlik dövrünün, eləcə də gənclik zamanlarının çoxlu travması dayanır. Elə bu travmalardır ki, özünü olduğu kimi qavramamasına və özünə olan baxışlarının dəyişməsinə səbəb olur. Bu, rastlaşdığı müddətdən etibarən insanı sıxmağa başlayır. Ola bilsin ki, bu problemlərin kökündə həqiqətən də müəyyən fiziki problemlər də dursun. Məsələn, bir insan tələffüzündə olan qüsuru gözündə o qədər böyüdür ki, nə ciddi nitq söyləməyə, nə fikir bildirməyə özünü layiq sayır. Hətta bu, uşaqlıq çağlarından başlayırsa, öz qüsurundan sıxılır. Məktəbdə dərs danışmaq istəmir, müəllimin suallarına cavab vermir. Bu hal da qiymətlərinə təsir etməyə başlayır və günü-gündən oxuması zəifləyir. Əgər bu mənfi hala görə məktəbdə tənqidlərə məruz qalırsa, dərsə getmək istəmir, davamiyyəti zəifləyir və s.
- Bu şəxslər necə davranırlar?
- Adətən, özünü qəbul etməyən şəxslərdə özünü tənqidə geniş meyl olur. İnsan özünün uğurlarını əhəmiyyətli saymır və bu uğurları aşağılamağa doğru gedir. Digərləri ilə müqayisə aparır və müqayisəsində qarşı tərəfi yüksək qiymətləndirir. Daim öz səhvlərinə fokuslanır. Bu səhvləri olduğundan daha böyük görməyə başlayır. Öz dəyərini isə ancaq başqaları onun uğurlarını təsdiq etdikdə bilir.
- Özünü tənqid və şəxsi uğurları kiçiltmə nədir?
- Özünü tənqid etməyə meyl elə haldır ki, insan daim öz-özünü danlayır. "Mən niyə bunu etdim", "Bunu düz etmədim", "Gərək belə etməzdim", "Ağlım olmadı, gərək bunu belə davranmazdım" kimi fikirlər onu o qədər məşğul edir ki, ətrafa baxıb, başqalarının onu necə qəbul etməyini sezmir.
Şəxsi uğurların əhəmiyyətini kiçiltmə də bu qəbildən olanlardır. Yəni, kimsə üçün nəsə edirlərsə, qarşılığında "Çox sağ ol", "Çox yaxşı iş görmüsən", "Kömək etdin bizə" kimi sözlərə cavab olaraq "Neylədim ki?!", "Mən heç nə etmədim", "Dəyməz. Yox, yox, heç nə etməmişəm" kimi sözlərlə özünü geri çəkməyə çalışır.
- Digərlərini özü ilə müqayisə etmə və bunu heç də öz xeyrinə etməmə bəs...
- Baxanda görürsən ki, bu şəxslər özü də çox şeylər edib, ancaq bunları başqalarının etdikləri ilə müqayisə etdiyinə görə onların fonunda görünmür. Həmin insan dərk etmir ki, özünü özü ilə müqayisə etsə, daha yaxşı olar. Özünü başqaları ilə müqayisə, özü də belə neqativ tərzdə müqayisə etmək onun mənini kiçiltməyə gətirib çıxarır. Belə adamlar öz səhvlərinə fokuslandığına görə böyük işlər görüb, xırda səhvlər etdikdə onları o qədər böyüdürlər ki, səhv etməkdən qorxurlar. "Görsələr ki, bunu düz etməmişəm, mənə söz gələcək" deyə, fikirləşirlər. Nəticədə nə qədər böyük bir işin öhdəsindən gəlsə belə, öz səhvini o qədər böyüdür ki, onun bacardığını görən olmur.
- İnsan öz dəyərini başqalarının təsiri ilə ölçmək istəyində düşəndə nələri itirir?
- Bu zaman özünə inamsızlıq o həddə olur ki, başqası "sən yaxşısan" dedikdən sonra "yaxşı" olduğunu anlayır. Hətta hər yerdə deyir ki, filankəs müəllim mənə dedi ki, sən işinlə çox böyük xeyir gətirmisən. Filankəs müəllim dedikdən sonra mən bunu başa düşdüm. Baxın, bu cür özünüqəbuletməmə sindromları belə hallarla müşayiət olunur.
- Yuxarıda qeyd etdiniz ki, özünü qəbul etməmə uşaqlıq travmaları ilə əlaqədardır. Burada hansı hallar, hansı davranış və ya travmalar nəzərdə tutulur?
- O ailələrdə ki, sərt təlim-tərbiyə olur, yəni, uşağ daim tənqid, təzyiq altında saxlayır, onu aşağılayırlar bu uşaqlardan gələcəkdə özünü qəbul etməyi bacarmayan fərdlər formalaşır. Məsələn, uşaq gəlir deyir ki, ata, ana, bu gün "5" almışam, buna cavab olaraq "hə, almısan, almısan da" deyib uşağı diqqətdən kənarda saxlayıb, uşaq gələn səfər "4" aldığını deyəndə "niyə "5" almadın?", "hamı "4" alıb?", "başqaları "5" aldı, təkcə sən "4" aldın, hə?!", "bir az da yaxşı çalışsaydın, "5" alardın" deməklə onda belə fikir formalaşdırılır ki, o, nə etsə də heç kimin xoşuna gəlməyəcək. Uşaq olduğu üçün böyükləri günahlandıra bilmir, başa düşmür ki, bu hal böyüklərin daxili problemlərindən qaynaqlanır. Həmin atanı, ananı da vaxtilə sevməyən atası, anası olub. Elə buna görə də uşaq bütün səhvi özündə görür. Bu da özünəqapanma ilə nəticələnir, yaxud digər kəskin hallara gətirib çıxardır. Belə ailələrdə böyüyən uşaqlar, yəni, daim tənqidə, təzyiqə məruz qalanlar özünü qəbul etməyən böyüklərə çevrilir. Belə travmalardan digəri şəxsi sevginin çatışmazlığı deyilən haldır.
- Sevgi çatışmazlığı nədən yaranır və bu travma nə ilə nəticələnir?
Uşaq dərk edir ki, onu sevmirlər. Yaxud uşaq bilir ki, onu sevirlər, ancaq nəyəsə görə və həmişə də bu səbəbi qabartmağa çalışırlar. Belə formalaşdırırlar ki, "bax, sən əlaçı olsan, mən səni öpəcəm, səni çox istəyəcəm, bizə oxumayan uşaq lazım deyil", "atanın-ananın sözünə baxmayan uşaq lazım deyil". Bu fikirlər sevgi çatışmazlığını formalaşdırır. Nəticədə uşaq başa düşür ki, elə-belə heç kim onu sevməyəcək, onun başını sığallamayacaq. Yəni, o var olduğu üçün bu sevgiyə layiq deyil. Düşünür ki, hər zaman uğur qazanmalıdır ki, sevgiyə "layiq" olsun. Belə adamlar həmişə dəyərli, dəyərsiz olmağından asılı olmayaraq, nəyəsə can atırlar, başqaları üçün öz canlarından keçməyə belə hazır olurlar. Ancaq özlərinə nəyisə layiq bilmirlər. Buna görə də özlərini sevə və olduqları kimi qəbul edə bilmirlər.
- Özünü qəbul etməmə təkcə uşaqlıq travmaları ilə bağlıdır?
- Xeyr, bu problem yalnız uşaqlıq travmaları ilə bağlı olmur. Çox uğurlu ailələrdə, naz-nemət içində böyüyən uşaqlarda da gələcəkdə belə travmalar ola bilir. Bunun da səbəbi digər hallardır. Digər hallar deyəndə sosial amilləri nəzərdə tuturuq.
Sosial amillər - bizi əhatə edən sosial cəmiyyətin diqtə etdiyi amillərdir. Yəni, yaşadığımız mühitdə, cəmiyyətdə bizə qarşı qoyualan standartlara, şərtlərə cavab vermək istəyirik. Bu şərtlər müxtəlifdir.
Hər bir insan düşdüyü, yaşadığı mühitin sosial amilləri ilə də çox əlaqəlidir. Ona görə də cəmiyyət müəyyən ideal şərtlər ortaya qoyanda, məsələn, "oğlanlar hündürboy olmalıdır", "qızlar 90-60-90 olmalıdır" və s. bunların hamısı ideal standartlardır. Cəmiyyət vaxtaşırı belə qəribə standartlar formalaşdırır. Cəmiyyətin böyük əksəriyyəti isə bu və ya digər standartları üstün tutmağa çalışırlar. Əgər şəxs həmin bu standartların təsiri altına düşürsə, özünü uğursuz saya, normal saymaya bilər.
Bu gün ən çox rastlaşdığımız bir problemə diqqət çəkək. Bu da burun problemidir, yəni əskər insanlar çalışır ki, burnunda əməliyyat etdib, formaya salsın. Yaxud digər orqanlarında plastik cərrahi əməliyyatlar aparmağa çalışırlar. Həmin şəxslər bununla təkcə gözəllik nümunəsi olmağın deyil, həmçinin sosial mühitlərinin tələbatının qurbanı olurlar. Məhz buna görə də özlərini olduqları kimi yox, həmin sosial mühitin, cəmiyyətin arzuladığı kimi, mükəmməl etməyə çalışırlar. Əslində, bu yalançı mükəmməllikdir və özünü qəbullanmamanın əlaməti kimi təyin olunur.
- Özünü qəbul etməmənin hansı mənfi nəticələri olur?
- Özünü qəbul etməmənin mənfi nəticələri 3 müstəvidə - psixoloji, sosial, fiziki müstəvidə özünü göstərir.
Psixoloji təsirlər nəticəsində insan depressiyaya qapanır, narahatlıq pozuntusu keçirir, gərginləşir və özünə inam kəskin şəkildə aşağı düşür. Özünə dəyər vermə halları itir. Bu zaman insan nə etdiyini, necə etdiyini bilmir.
Mənfi sosial təsir zamanı insanın digər insanlarla münasibətləri çətinləşir. O, ilk növbədə öz yaxınlarından uzaqlaşmağa başlayır. Güman edir ki, yaxşı biri deyil, onunla heç kim danışmaq istəməz və s. Beləliklə, birinci addımı özü atır. Kiminləsə ünsiyyət qurmur, dost olmur, insanlardan kənarlaşır və özünə qapanır. Sonda belə insan sosial təcrid, yalnızlıqla üzləşir.
Fiziki təsirlər isə özünü daimi olaraq miqren, baş ağrıları, həddindən artıq stress, daxili orqanların gərgin sıxılması, yuxusuzluq hallarına gətirib çıxardır. Bunun kəskin formasında insan sağlam olmayan həyat tərzinə keçir.
- Bəs, özünü qəbul etməyin hər hansı bir yolu varmı? İnsanlar bu problemdən necə azad ola bilərlər?
- Qeyd edim ki, bütün növ depressiyalar, travmaların 96-97 faizi həll olunur.
İnsanın özünü qəbul etməsi üçün ediləb peşəkar yardımdan başqa, həmçinin özünü dərk etmək mərhələsində olmalıdır. Yəni, insan hər atdığı addımı şüurlu şəkildə atmalıdır. Bundan başqa, xüsusi uğur gündəliyinin tutmalı və bu gündəlikdə pozitiv addımlarının hər birini yazmalıdır. Çünki sonda neqativ bir fikir yarandıqda insan açıb o gündəliyə baxır və görür ki, nə qədər müsbət addımlar atıb.
Digər bir vacib addım insanın özünü qəbullanması, özünə mərhəmətdir. Bu zaman insan güzgü qarşısında dayanır və özünü tənqid eləmir ki, demir, "buna bax, başım necədir, burnum necədir, gözüm necədir, saçım necədir?!" O qəbul edir ki, ola bilsin indi mənim saçlarım heç də yaxşı vəziyyətdə deyil, amma tibb var, müəyyən vasitələr, üsullar var. Nəsə edərək bu problemi aradan qaldıra bilərəm və s. Beləcə insan özünü olduğu kimi qəbul edir: "Bəli, mən beləyəm, bu cürəm, varam və özümü olduğum görüb, sevirəm".
Eyni zamanda, insan sosial təsirləri azaltmalıdır. Neqativ dostların, tanışların arasında olub hər gün neqativ söz eşitmək, depressiv hallar yaşamaq heç də uğurlu deyil. Şəxs özünü sevməmə, özünü qəbullanmama kompleksindən azad olana qədər neytral mühitdə olmalı və sosial təsirlərdən təcrid olunmalıdır.
Sosial təsiri azaltmanın ikinci yolu sağlam münasibətlərə getməkdir. Yəni, insan ona müsbət fikirlər aşılaya biləcək dostlar tapmalıdır. Bu dostlar onunla ünsiyyətdə müsbət aura yarada bilən insanlar olmalıdır.
Sonunc olaraq da peşəkar dəstək vacibdir. Bu, insanın özünə sevgisizliyi kənara qoyana qədər davam etməlidir. Psixoloji dəstək həm fərdi, həm də qrup terapiya şəklində olmalıdır.
Günel Məlikzadə
News24.az