Azərbaycan Prezidenti Fransanın İqtisadiyyat və Maliyyə nazirini QƏBUL EDİB - ƏLAVƏ OLUNUB
    • 29-07-2019, 11:03
    • 895

Azərbaycan Prezidenti Fransanın İqtisadiyyat və Maliyyə nazirini QƏBUL EDİB - ƏLAVƏ OLUNUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

News24.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

***
Fransaya ötənilki uğurlu səfərini məmnunluqla xatırlayan dövlət başçısı Fransa Prezidenti Emmanuel Makron ilə keçirilən səmərəli müzakirələri Azərbaycanla Fransa arasında tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edən amil kimi dəyərləndirib. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan biznes əlaqələrinin və biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin önəmini qeyd edib.

Dövlət başçısı fransız şirkətlərinin Azərbaycandakı səmərəli fəaliyyətini qeyd edərək, onların sayının artmasından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev investisiya sahəsində də yaxşı əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Dövlət başçısı Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib və bu səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer, ilk növbədə, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun salamlarını dövlət başçısına çatdırıb. Brüno Lö Mer Bakının abadlığının və inkişafının onlarda xoş təəssürat doğurduğunu vurğulayıb. O, Fransa tərəfinin Azərbaycanla siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib. 

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha vurğulanıb, münaqişənin nizama salınması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Görüşdə neft, qaz, nəqliyyat, infrastruktur, ekologiya və digər sahələrdə əməkdaşlıq və görüləcək işlər müzakirə edilib.

Dövlət başçısı Fransa Respublikasının Prezidenti Emmanuel Makronun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş edib.