Bakıda 22 nəfərin yaralandığı hadisə ilə bağlı YENİ XƏBƏR
    • 30-07-2019, 13:57
    • 1 472

Bakıda 22 nəfərin yaralandığı hadisə ilə bağlı YENİ XƏBƏR

Bir neçə ay əvvəl Bakıda 22 nəfərin xəsarət aldığı qəza ilə bağlı Xəzər Rayon Polis İdarəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, hadisə yerindən qaçan sürücülər - Rauf Dadaşov və Hüseyn Məmmədov barəsindəki cinayət işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

İş hakim Tərlan Əkbərovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, iş üzrə 22 nəfər zərrəçəkən şəxs qismində tanınıb. Belə ki, aprelin 27-də Bakı şəhəri Xəzər rayonu ərazisində 1988-ci il təvəllüdlü R.Dadaşovun idarə etdiyi “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobilinin 1969-cu il təvəllüdlü H.Məmmədovun idarə etdiyi “Daewoo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşması nəticəsində 21 nəfər şəxsin zərər çəkməsi və Rauf Dadaşovun hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Aparılmış istintaqla hadisənin R.Dadaşov və H.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, eləcə də R.Dadaşovun yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində R.Dadaşov və H.Məmmədov aprelin 28-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hadisə zamanı xəsarət alan şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunub, daha sonra ilkin tibbi yardım göstərilərək evə buraxılıb.