Şirvanda silahlı şəxslərə qarşı əməliyyat keçirildi - DİN - FOTO - VİDEO
    • 13-08-2019, 14:02
    • 695

Şirvanda silahlı şəxslərə qarşı əməliyyat keçirildi - DİN - FOTO - VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları  tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Şirvan şəhər sakini  Nadir Babayev saxlanılıb. Onun əlindəki idman çantasına baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov”  tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Baş İdarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər sakini Amid Abdullayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

Qeyd edilən hər 2 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.