"Yanğınların səbəbi..."- FHN-dən AÇIQLAMA
    • 22-08-2019, 18:53
    • 741

"Yanğınların səbəbi..."- FHN-dən AÇIQLAMA

“Son günlər Azərbaycanın müxtəlif yerlərində baş verən yanğınlar insanların ehtiyatsızlığı səbəbindən yaranır”.

Bunu News24.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib. 

Onun sözlərinə görə, son günlər baş verən yanğın hadisələrilə bağlı ayrı-ayrılıqda araşdırma aparılacaq: “Taxta bazarı”ında baş verən yanğınla bağlı hələlik bir söz demək mümkün deyil. Yanğının səbəbi araşdırılmalıdır. Meşə yanğınlarına gəldikdə isə, bunlar tam meşə yanğını sayılmır. Ümumi yaşıllıqlarda baş verən yanğından söhbət gedir. Ağac örtüyü çox yanmayıb. Araşdırmalar aparıldıqda məlum olur ki, yanğınlara səbəb yenə də insandır. Onlar meşələrdə istirahət etdikləri və ya kənd təsərrüfatı ilə məşğul olarkən ehtiyatsızlıq edirlər və təhlükəsizlik qaydalarına düzgün əməl etmirlər. Bununla bağlı nazirlik tərəfindən il boyu maarifləndirmə tədbirləri həyata keçirilir. 9 regional idarə var ki, əməkdaşlar hərəsi öz regionunda maarifləndirmə işləri aparır. Məktəb şagirdlərindən tutmuş, kənd camaatına qədər hər kəsə təhlükəsizlik tədbirləri ilə bağlı məlumat verilir, materiallar paylanılır. Eyni zamanda KİV-lər vasitəsilə insanlara müraciətlər olunur”.  

G.Mehtiyeva təəssüf hissi ilə qeyd edib ki, aparılan maarifləndirici işlərə baxmayaraq nəticə gözlənilən deyil: “Təəssüf ki, nəticə zəifdir. Əhalinin laqeydliyi var. Eyni zamanda, meşə massivlərində istirahət mərkəzləri salınıb. Həmin ərazilərdə fəaliyyət göstərən iaşə obyektlərinə, ərazilərdə dincələn insanlara sizin vasitənizlə müraciət edirəm ki, ehtiyatlı olsunlar, meşələrdə ocaq qalayarkən nəzarətsiz qoymasınlar, ərazidən uzaqlaşarkən ocağın tam söndüyünə əmin olsunlar. Əsas məsələlərdən biri isə meşələrin təmiz saxlanılmasıdır. İnanın, kiçik bir şüşə qırığından böyük bir alovlanma baş verə bilər”. 

“Bu yanğınların isti ilə bağlı olacağını düşünmürəm” deyən G.Mehdiyeva ciddi araşdırmalar aparılacağı və bu haqda əlavə məlumatlar veriləcəyini qeyd edib.

Afaq Mirayiq