"Prezidentin kinonun inkişafına ayırdığı 5 milyona görə çox nigaranam" - Afaq Bəşirqızından SƏRT AÇIQLAMA
    • 11-09-2019, 15:43
    • 1 168

"Prezidentin kinonun inkişafına ayırdığı 5 milyona görə çox nigaranam" - Afaq Bəşirqızından SƏRT AÇIQLAMA

Azərbaycanın xalq artisti Afaq Bəşirqızı yeni layihəyə imza atır. Sevilən aktrisa "Zəng" adlı ekran əsərində çəkilir. Filmin ssenari müəllifli və quruluşçu rejissorlu Azərbaycan Televiziyası “Sabah” Yaradıcılıq Birliyinin rəhbəri Şərif Qurbanəliyevdir.

Xalq artisti ekran işi barədə xüsusi olaraq News24.az-a danışıb: "Filmin janrı qara yumordur. Nəhayət ki, Azərbaycan Televiziyası illərdir itirdiyi incini tapdı. Naməlum səbəblərə görə televiziya tamaşalarına ara verilmişdi, ancaq Dövlət Televiziyasının yeni rəhbərliyi bu janrı inkişaf etdirmək qərarına gəldi. Layihədə Mabud Məhərrəmli, Səidə Quliyeva, Cəfər Namiq Kamal kimi sənətkarlar, həmçinin də cavan aktyorlar yer alır. Son iki günlük çəkilişlərim qalıb. Düşünürəm ki, bu, ayın ortasına qədər çəkiliş prosesi bitəcək. Məişət problemlərini işiqlandıran layihədir. İnanmıram ki, "Oskar"ı maraqlandırsın. Xalqımın bu filmi görmələri mənim üçün 1000 "Oskar"a dəyər. Gülmək nə qədər çətindirsə, güldürmək ondan da çətindir. Bəşir Səfəroğlundan qalma bir həyat şüarım var: "Sənətkar güldürməyi yox, düşündürməyi bacarmalıdır". Hər zaman tamaşaçılarımın üzündə gülüşün olmasını istəmişəm. Tərəf müqabillərimə də hər zaman demişəm: "Şəraitinizi nəzərə alın, sənətinizi isə qiymətləndirin". 

Afaq Bəşirqızı sevənləri üçün daha bir yeni layihə hazırlayır: "Bu yaxınlarda çox ciddi layihə üzərində çalışmağa başlayacağam. Yaradıcılığımın 37-ci ilində teatr səhnəsində məhz Azərbaycan qadınının çəkdiyi əzabı, zülmü əks etdirən rol ifa edəcəyəm. Dramaturq və bəstəkar məni çox yaxşı başa düşdüı".

Sevilən aktrisa son zamanlarda çəkilən bayağı filmlərə də münasibətini bildirib: "Balıq başdan iylənər. Strukturu idarə edən şəxsiyyət olmalıdır, çünki kino qabarıq janrdır. Sən illərin teatr aktyoru ola bilərsən, amma tanınmayacaqsan. Bir filmlə isə aktyorun işığı parlaya bilər. Zəhmət teatrdadır. Bu yaxınlarda dövlət başçımız kinonun inkişafı üçün 5 milyon ayırdı. Mən o vəsaitdan çox nigaranam. Onlara ssenari vermişdim, amma keçmədi. Məcburam ki, onu dostlarımın vəsaitinə çəkim. Olan-qalan aktyorların toplusundan İlqar Fəhmi ssenari yazdı və təqdim etdi, amma heç o da keçmədi. Nəticədə köhnə hamam, köhnə taslar keçdi. Nə qədər ki haqsızlıq, əlifbanı tərsinə oxumaq var vəziyyət belə də olacaq. Kommersiya, bayağı, şit filmlər olacaq. Heç kimi qınamaq olmur, çünki günahkarın adını çəkə bilmirik, çəkmirik. Əfsuslar olsun ki, ziyalılarımız belə hərəkət edirlər. Onlara heç ziyalı da demək olmaz. Mənə elə gəlir ki, bu suala cavab verənlərdən biri mən olmalıyam, amma əsas cavab verənlər onlardır".

Sevda Bayramova