Mariya Stadnik 10 il sonra YENİDƏN DÜNYA ÇEMPİONU OLDU
    • 18-09-2019, 17:42
    • 1 200

Mariya Stadnik 10 il sonra YENİDƏN DÜNYA ÇEMPİONU OLDU

Azərbaycan güləşçisi Mariya Stadnik dünya çempionu olub.

News24.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən çepionatın finalında rumıniyalı Emiliya Vuça qalib gələrək, qızıl medal qazanıb.

Mariya Stadnik təsnifat mərhələsində Nigeriya güləşçisinə ilk hissədə qalib gəlib. Yığmamızın lideri növbəti görüşdə Hindistan təmsilçisindən güclü olub.

1/4 finalda Rusiya idmançısına göz açmağa imkan verməyən Stadnik ilk hissədə qələbəni təmin edərək adını yarımfinala yazdırmaqla yanaşı, Olimpiadaya lisenziya qazanan ilk güləşçimiz olub. Yarımfinalda çinli rəqibiylə gərgin keçən mübarizədən də qalib ayrılan Mariya 5-ci dəfə dünya çempionatının finalına yüksəlib.

Sadnik bu gün həlledici qarşılaşmada ötən il Avropa çempionatının finalında yarım dəqiqə ərzində məğlub etdiyi Rumıniya güləşçisiylə üz-üzə gəlib.

Tarix təkrarlanıb və növbəti dəfə bu rəqibinə tam üstünlüklə qalib gələn Mariya 10 illik fasilədən sonra dünya çempionluğu həsrətinə son qoyub. Beləliklə, Stadnik ikiqat dünya çempionu olub.