Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın XATİRƏSİ ANILDI
    • 19-09-2019, 14:47
    • 755

Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın XATİRƏSİ ANILDI

Sentyabrın 19-u görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür.

News24.az-ın xəbərinə görə, bu münasibətlə AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi bu gün II Fəxri xiyabanda professor A.İmanquliyevanın məzarını ziyarət edib, alimin məzarı önünə əklil qoydu.

Anım mərasimində Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva 27 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi 53 illik həyat yolundan və bu illərdə onun şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən söz açdı. Aida İmanquliyevanın elmi fəaliyyətinin müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu söyləyən G.Baxşəliyeva bu görkəmli alimin öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirdiyini, inkişaf etdirdiyini bildirdi. A.İmanquliyevanın elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan G.Baxşəliyeva onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini, qısa bir müddət ərzində institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, aparılan elmi tədqiqat işlərinin miqyasının genişləndirilməsi, nəzəri səviyyəsinin, əməli əhəmiyyətinin yüksəldilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində xeyli iş gördüyünü vurğuladı. Gövhər xanım Aida İmanquliyevanın itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu dedi.

Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov, Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev Aida İmanquliyevanın mənalı həyat yolundan, dünya şərqşünaslığı üçün qoyduğu zəngin elmi irsdən danışdılar, onun Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinin yaradılmasında rolundan söz açdılar.