"Qafqaz neoliti" filminin TƏQDİMATI KEÇİRİLDİ
    • 19-09-2019, 17:50
    • 995

"Qafqaz neoliti" filminin TƏQDİMATI KEÇİRİLDİ

Sentyabrın 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Dövlət Televiziyası - "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı olan "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib.

AMEA-dan-a News24.az verilən məlumata görə, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova,millət vəkili, AMEAQadınlar Şurasıİdarə Heyətinin üzvü, siyasi elmlər doktoruQənirə Paşayeva, "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-nin nəzdindəki Televiziya və Radio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, filmin prodüseri Xalq artisti, rejissor Ramiz Həsənoğlu, ssenari müəllifi Əməkdar jurnalist Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, elmi məsləhətçisi isə Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Fərhad Quliyevdir.

Mərasimimillət vəkili Qənirə Paşayeva açaraq filmin yaradıcı kollektivini təqdim edib, ekran əsərində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələrinin əks olunduğunu söyləyib.

Qeyd edib ki, filmdə əsasən bölgənin Neolit dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların fikirləri yer alıb. “Tovuz bölgəsindəki Göytəpə neolit məskənində Azərbaycan arxeoloqlarının daimi şahidi olduğum fədakar əməyinin nəticəsində dünya elminə yeni töhfələr verildi” – deyə millət vəkili Qənirə Paşayeva xüsusi olaraq vurğuladı.

Ərazidə Arxeologiya və Etnoqrafiya İnstitutunun və Yaponiyanın Tokio Universitetinin əməkdaşları tərəfindən uzun müddət araşdırmaların aparıldığını deyən Q.Paşayeva ölkə başçısının Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı imzaladığı Sərəncamı xatırladıb. O, filmin gələcəkdə ingilis dilinə tərcümə olunaraq digər ölkələrdə nümayiş etdiriləcəyini vurğulayıb.

Sonra çıxış edən İ.Həbibbəyli AMEA ilə Azərbaycan Dövlət Televiziyası arasında imzalanması nəzərdə tutulan əməkdaşlıq haqqında sazişin önəminə toxunub. O, son illərdə Azərbaycan arxeologiya elmində bir çox nailiyyətlərin əldə edildiyini, hazırda Arxeologiya və Etnoqrafiya İnstitutunda yerli və beynəlxalq olmaqla, 30-a yaxın ekspedisiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İ.Həbibbəyli filmin Azərbaycanın qədim mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini qeyd edib.

Tədbirdə, həmçinin Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli və filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev çıxış edərək ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüblər.

Daha sonra filmə baxış olub. Orijinal rejissor yanaşması və operator çəkilişi, bədii quruluş səhnələri ilə zəngin olan film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Film sentyabr 20-də AzTV kanalında saat 23:00-da nümayiş etdiriləcək.

Filmin anonsununYoutube-də ünvanı:https://youtu.be/zUHwzrwU7mg
https://www.youtube.com/watch?v=zUHwzrwU7mg&feature=youtu.be