Qobustan qoruğunda
    • 19-09-2019, 18:15
    • 884

Qobustan qoruğunda "Avropa İrs Günləri" - FOTO

Sentyabrın 19-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda "Avropa İrs Günləri" layihəsinə həsr olunmuş tədbirin ilk günü keçirilib.

Mədəniyyət Nazirliyininin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, layihə çərçivəsində qoruqlarda “açıq qapı” günü təşkil olunub.

Qobustan Milli Tarix-Bədii Qoruğunda keçirilən mərasimdə çıxış edən qoruğun direktoru Vüqar İsayev tədbir haqqında geniş məlumat verib. Bildirib ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan Avropa İrs Günləri hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, “açıq qapı” günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

Hər il Qobustana marağın daha da artdığını deyən Vüqar İsayev vurğulayıb ki, qoruğa gələn turistlərin sayı ilbəil artmaqdadır. Onun sözlərinə görə, qoruğa ən çox Asiya ölkələrindən üz tuturlar: “Ziyarətçilərin sayını artırmaq üçün qoruqda daim tədbirlər təşkil olunur. Qobustan daima özünün təbliğatını aparır. Həmin tanıtım yönümlü işlərdən də biri, bu ilin oktyabrın 9-da UNESCO-nun təsis etdiyi qayaüstü təsvirlər günündə baş tutacaq. Portuqaliyanın Foskua qoruğunda Qobustanın sərgisi təşkil olunacaq”.

Tədbirdə çıxış edən Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin Azərbaycan mədəni irs nümunələri haqqında dərin təəssürata malik olduğunu vurğulayıb. Qeyd edib ki,  Azərbaycanda UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması vacib olan xeyli sayda abidələr var.

Tədbirdə məşhur opera müğənnisi Placido Dominqo tərəfindən başladılan və Bethovenin müəllifi olduğu Avropa Birliyinin himninin mədəni irs abidələrində ifa olunması məqsədini daşıyan hərəkata uyğun olaraq Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Buta” instrumental ansamblı tərəfindən orijinal və yeni versiyada təqdim olunub.

Sonra uşaqlar üçün rəssamlıq üzrə təşkil olunan ustad dərsləri Xalq rəssamı Arif Hüseynovun təqdimatında keçirildi. İştirakçılara sertifikatlar təqdim edilib.

Xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli yaradıcı uşaq və gənclərin əl işlərindən ibarət sərgi – satış təşkil olunub.

Sonda “Kadr arxasında Qobustan” adlı mini-tur keçirilib. “Kadr arxasında Qobustan” turları ilə ziyarətçilər Qobustanın ekskursiya marşrutlarından kənarda- “kadr arxasında” qalan, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Qanlı zəmi” və digər onlarla məşhur filmlərin çəkildiyi məkanlar və ərazidə yerləşən abidələrlə tanış ola bilərlər. Yeni turların məqsədi filmlərin çəkildiyi məkanlara səfərlər təşkil etməklə həmin məkanları və ərazidə yerləşən abidələri ictimaiyyətə fərqli formada təqdim etməkdir.

Qeyd edək ki, hər il ölkəmizin müxtəlif regionlarında keçirilən tədbirlər bu il Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində “Soyqırım memorial kompleksi”nidə də geniş qeyd olunur.