Firuzə İbadovanın  məhbəs həyatı yaşamış bacısının son vəziyyəti
    • 21-09-2019, 20:07
    • 1 177

Firuzə İbadovanın məhbəs həyatı yaşamış bacısının son vəziyyəti

20 sentyabr tarixi aktrisa Rəhilə İbadovanın doğum günüdür. Ekranlarda nümayiş etdirilən bir sıra tamaşalardan tanıdığımız aktrisa Rəhilə İbadova Əməkdar artist, tanınmış müğənni Firuzə İbadovanın bacısıdır.

News24.az xəbər verir ki, Rəhilə İbadova 1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1969-cu ildən həbs olunanadək (37 ildən artıq) Abdulla Şaiq adına Dövlət Kukla Teatrında səhnə ustası və aktrisa işləyib. "Tıq-tıq xanım", "Cırtdan" və bir çox nağılın qəhrəmanlarını oynayıb. Deyilənə görə, hələ də həmin teatrda onun oynadığı rollar heç kimə verilmir. Lider TV-də dublyaj olunan cizgi filmlərinin səsləndirilməsində iştirak edib, "Adam ol" filmində çəkilib.


Rəhilə İbadova 1970-ci ildə ailə qurub, beş uşaq anasıdır. 1999-cu ildə həyat yoldaşı vəfat edib.

Yuxarıda qeyd etdiyimiz kimi, aktrisa Rəhilə İbadova məhbəs həyatı yaşamağa da məcbur olub. R.İbadova tənha qocaların etibarından sui-istifadə edərək, onları aldadıb mənzillərini ələ keçirməkdə təqsirləndirilən dəstənin üzvlərindən biri kimi ittiham olunaraq həbs olunmuşdu. Aktrisa 2006-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib (sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib). Cəza çəkdiyi dövrdə həbsxanadakı Dram Dərnəyinin rəhbəri olub. Aktrisa vaxtından əvvəl - 2013-cü il dekabrın 11-də azadlığa buraxılıb.

Rəhilə İbadova həbsxanadan çıxanda mətbuata verdiyi açıqlamada həbs olunmağına görə müstəntiqi günahlandıraraq demişdi: "Düzgün iş aparmadı. Həm pulum getdi, həm canım".

Aktrisanın müğənni bacısı Firuzə İbadova isə həmin vaxtlar bu hadisə haqda danışarkən "onu bu günə salanları görüm ondan da o yana getsinlər. Mənim adımı batırdılar, amma tam ləkə yaxa bimədilər" söyləmişdi...

Aktrisa Rəhilə İbadova hazırda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyətinə davam edir. 

Sentyabrın 15-də teatr yeni mövsümün açılışını edib. Teatra gələn tamaşaçılar "Cırtdan"a Azərbaycan dilində baxıblar. Birhissəli kukla tamaşasında rollardan birni teatrın aparıcı aktyoru Rəhilə İbadova ifa edib.

/modern.az/