Novruz Məmmədov nazirləri topladı
    • 23-09-2019, 21:19
    • 994

Novruz Məmmədov nazirləri topladı

Bu gün Baş Nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib. 

İclası açan Novruz Məmmədov "Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” məsələnin müzakirə olunacağını bildirib.

Baş Nazir bildirib ki, dünya iqtisadiyyatında geriləmələrin müşahidə olunduğu bir vaxtda ölkəmizdə 2020-ci ildə ümumdaxili məhsulun həcminin 82,7 milyard manatdan çox, real artımın 2,4 faiz, qeyri-neft sektorunda artımın isə 3,3 faiz səviyyəsində olacağı

proqnozlaşdırılır. Müzakirəyə təqdim olunan sənədlər iqtisadiyyatın səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, onun aparıcı sahələrinin möhkəmləndirilməsinə, əhalinin sosial rifahının, qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldilib. 

Növbəti ildə dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi, təhsil islahatlarının davam etdirilməsi, elektrik təchizatı, icməli su, qaz və kanalizasiya sistemlərinin və yol tikintisinin maliyyələşdirilməsi əsas istiqamətlərdəndir. Eyni zamanda, layihədə kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi, əhalinin əsas ərzaq məhsulları ilə təmin olunması, aqrar sektora dövlət qayğısının artırılması və investisiya layihələrinin prioritetləşmə

prinsiplərinə uyğun maliyyələşdirilməsi nəzərdə tutulur. 2020-ci ilin dövlət büdcəsinin layihəsində gəlirlərin ümumdaxili məhsulun 29,1 faizini, xərclərin isə 30,9 faizini təşkil edəcəyi, büdcə kəsirinin ümumdaxili məhsulun 1,4 faizi səviyyəsində olacağı proqnozlaşdırılır. Eyni zamanda, gələn il üzrə icmal büdcənin gəlirlərinin 27,6 milyard, xərclərinin 28,2 milyard manat həddində olacağı gözlənilir.

Sonra Maliyyə naziri Samir Şərifovun və İqtisadiyyat naziri Şahin Mustafayevin gündəlikdəki məsələ ilə bağlı məruzələri dinlənilib. İclasda mövzu ilə bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.