Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib
    • 31-08-2018, 18:31
    • 907

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib

Avqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyatı qurumların iştirakı ilə iclas keçirilib.

İclasda iki məsələ - əhalinin real gəlirlərinin artırılması məqsədilə əmək ödənişləri sisteminin təkmilləşdirilməsi və iqtisadi risklərin qarşılanması əsasında dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması; regionlarda aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi və əhalinin əmək bazarına çevik inteqrasiyası üzrə təkliflər müzakirə olunub.

Azərbaycanda son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf modelinin formalaşmasına diqqəti yönəldən Baş nazir Novruz Məmmədov bu istiqamətdə böyük işlərin görüldüyünü vurğulayıb. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə dinamik quruculuq işlərinin getdiyini, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında, o cümlədən sosial sferada, sənayedə, aqrar sektorda, infrastrukturun təkmilləşdirilməsində, özəl sahədə ciddi irəliləyişlərin olduğunu deyən Baş nazir Novruz Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf strategiyası Azərbaycanın iqtisadi qüdrətinin artırılmasında mühüm əhəmiyyət kəsb edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illər ərzində əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib.