-
- 28-09-2019, 21:02
- 1 095
Azərbaycanda zəlzələ gözlənilirmi? - AÇIQLAMA
Türkiyədəki yeraltı təkanlar Azərbaycandakı zəlzələ ocaqlarına təsir edə bilməz.
News24.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
Onun sözlərinə görə, son günlər Türkiyədə baş verən zəlzələlərlə bağlı ictimaiyyətdə müəyyən narahatlıqlar var:
“Amma hər hansı narahatlığa əsas yoxdur. Çünki Türkiyədə baş verən zəlzələlərin Azərbaycanla heç bir əlaqəsi və ya bağlılığı yoxdur.
Həm Azərbaycan, həm Türkiyə, ümumiyyətlə, Cənubi Qafqaz regionu seysmik baxımdan aktiv bölgədə yerləşir. Müəyyən seysmik qırılmalar var. Ölkəmizdə də seysmik bölgələr mövcuddur. Vaxtaşırı hiss olunan və olunmayan təkanlar qeydə alınır. Bununla bağlı mütəmadi məlumatlar veririk”.
Vüsalə Rafiqqızı qeyd edib ki, ölkəmizdə zəlzələlərin olması gözlənilən və mümkündür:
“Amma bunun başqa ölkələrdəki proseslə əlaqələndirilməsi düzgün deyil”.
Qeyd edək ki, sentyabrın 26-da Türkiyənin İstanbul şəhərində 5,9 bal gücündə zəlzələ olub. İstanbulda zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb, şəhərin bəzi yerlərində binalarda çatlar əmələ gəlib, rabitə əlaqələri kəsilib, məktəblərdə dərslər dayandırılıb.
Həmçinin gecə saatlarında Quba rayonu ərazisində 3.3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 23:17-də Xınalıq stansiyasından 10 km şimal-şərqdə qeydə alınıb.
Ocağı 38 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.