BNA rəhbəri:
    • 7-10-2019, 15:42
    • 1 177

BNA rəhbəri: "Bəzən olur ki, “parkinq pulsuzdur” tablosunu yerləşdiririk, oğurlayırlar"

Bakı Nəqliyyat Agentliyi tərəfindən Yol Təhlükəsizlik Komissiyasına 78 layihə təqdim edilib.   

News24.az-ın xəbərinə görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli "Bakı Nəqliyyat Agentliyi -Media" əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə görüşdə bildirib. Onun sözlərinə görə, məqsəd paytaxtda sıxlığın aradan qaldırmasıdır. Redaktorların sürücülərlə bağlı iradlarını cavablandıran BNA rəsmisi qeyd edib ki, 3 il əvvəl Bakıda avtobuslarla bağlı vəziyyət daha acınacaqlı idi: “Əvvəllər şəffaf mühit yox idi. Bu gün "Baku bus"dan şikayətlər daxil olmur. Narazılıq digər avtobuslardan daxil olur ki, onların hamısına biz nəzarət etmirik. Məqsədimiz də odur ki, avtobuslara nəzarətin ən azı 85 faizi dövlətin nəzarətində olsun. Demək olar ki, hər gün 10-15 sürücü işdən kənarlaşdırılır. Eyni zamanda, 850 sürücü təlimdən keçib. Avtobuslarda kartlaşma sistemi tam tətbiq olunduqdan sonra böyük dəyişikliklərin şahidi olacqsınız. Ən əsası şəffaflıq təmin olunacaq. Bu il "Baku Bus"a 300 yeni avtobus gətirilib, gələn il daha 300 avtobusun gətiriləcəyi gözlənilir. Hazırda 300 “Bakubus” avtobusunda və 200 digər avtobusda kart sistemi tətbiq olunub. İlin sonunadək bütün avtobuslarda kart sistemi tətbiq olunacaq”.

“Bəzən olur ki, “parkinq pulsuzdur” tablosunu yerləşdiririk, oğurlayırlar” – deyən V.Kərimli qəsəbələrdə vəziyyətin qənaətbəxş olmadığını deyib: “Əsasən qəsəbələrdə köhnə avtobuslar yeniləri ilə əvəz ediləcək. Eyni zamanda qəsəbələrə yeni marşrut xəttinin çəkiləcəyi gözlənilir. Jurnalistlərin binasının qarşısından da yeni marşrut xətti çəkiləcək. BNA tərəfindən 200 min kv. metr səkinin çəkilməsi təklifi də verilib”.

V.Kərimli onu da əlavə edib ki, yol nəqliyyat hadisəsi zamanı həlak olanların sayı da 5 faiz azalıb.  

Afaq Mirayiq