"Yüksəliş" proqramının formatı hazırlanır
    • 8-10-2019, 12:42
    • 763

"Yüksəliş" proqramının formatı hazırlanır

""Yüksəliş" proqramının formatı hazırlanır. Bu ayın sonunadək proqramın ictimaiyyətə geniş təqdimatı həyata keçiriləcək".

News24.az-ın xəbərinə görə, bunu Bakı Konqres Mərkəzində “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) Proqramının açılış mərasimində Gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsi ilə əlaqədar yaradılan İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

Onun sözlərinə görə, "Yüksəliş" proqramı Prezident İlham Əliyev tərəfindən təsis edilmiş proqramdır: "Bu, Azərbaycanda kadr ehtiyatları bazasının yaradılması məqsədi daşıyır. 21-51 yaş arası hər bir Azərbaycan vətəndaşı bu proqramda iştirak edə bilər. Proqram vasitəsilə qaliblər müxtəlif mükafatlar alacaqlar. Eləcə də, elmi araşdırmalar, şəxsi inkişaf üçün dövlət tərəfindən mükafatlar alacaq, müxtəlif proqramlara cəlb olunacaqlar. Onlar çox güclü müəllimləri olacaq".

F. Hacıyev onu da əlavə edib ki, Azərbaycanın bir neçə naziri bu proqramda mentorluq edəcəklər: "Təbii ki, qalib gələn 20 nəfər şəxsin adı kadrlar ehtiyatı bazasına daxil ediləcək ki, növbəti mərhələlərdə də dövlətimiz və yaxud böyük şirkətlər, onların potensialından yararlanacaqlar. Bu həqiqətən böyük sosial layihədir. Çalışacağıq ki, seçimlər çox da çətin olmasın. Amma bu elə də asan olmayacaq. Burada liderlik, bacarıq ən önəmli meyarlardır. Bu proqramın hazırda formatı hazırlanır. Çox guman ki, bu ayın sonunadək məlumat veriləcək və ayın sonunda bu proqramın ictimaiyyətə geniş təqdimatı həyata keçiriləcək".

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib. Müsabiqənin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi də yaradılıb. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.

Afaq Mirayiq