"Yüksəliş" müsabiqəsinin qeydiyyat BAŞLADI
    • 27-12-2019, 10:27
    • 3 652

"Yüksəliş" müsabiqəsinin qeydiyyat BAŞLADI

Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə təsis edilmiş "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə dekabrın 27-dən başlanılması ilə bağlı mətbuat konfransı keçirilib. 

News24.az xəbər verir ki, mətbuat konfransında müsabiqənin Təşkilat Komitəsinin sədri Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multi-kulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təşkilat komitəsinin üzvləri Gənclər və idman naziri Azad Rəhimov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, işçi qrupunun rəhbəri Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak edib. 

Qeyd olunub ki, "Yüksəliş" müsabiqəsi idarəetmə bacarığı və intellektual səviyyəsi yüksək olan prespektivli şəxslərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edən açıq müsabiqədir. 

Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arası ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. 

Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramlarından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq. 

Bundan başqa onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və idarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar. Qaliblərin adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək.

Müsabiqə  qeydiyyat, onlayn seçim, əyani seçim, yarımfinal və finaldan ibarət olmaqla 5 mərhələdə keçiriləcək. Qeydiyyat mərhələsində iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində şəxsi kabinet yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. 

Mətbuat konfransında qeyd edilib ki, iştirakçiların yüksək intellektual zəka, qərar qəbuletmə, strateji düşünmək, komandada işləmək, kommunikasiya dəyişikliklərinin tətbiqi, innovativliklərin tətbiqi, büdcənin idarə edilməsi, sosial məsuliyyət kimi kompetensiyaları qiymətləndiriləcək.