Xüsusi şərtlərlə pensiya təyinatı avtomatlaşdırılacaq
    • 9-10-2019, 13:26
    • 1 000

Xüsusi şərtlərlə pensiya təyinatı avtomatlaşdırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sahələri üzrə elektron əsaslar üzərində proaktiv yönümlü xidmətlərin tətbiqi işlərinin əhatə dairəsi daha da genişləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu işlər çərçivəsində nazirlik xüsusi şərtlərlə pensiya təyinatı sisteminin də avtomatlaşdırılması istiqamətində işlərə başlayıb.

E-sistem işə salınandan sonra xüsusi şərtlərlə pensiya təminat hüququ yaranan vətəndaşların (hərbi və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və b.) da bu hüquqları yarandığı gün pensiya təyinatları heç bir yerə müraciət edilmədən və sənəd təqdim olunmadan, e-qaydada reallaşdırılacaq.

Ölkəmizdə cari ilin əvvəlindən ilk proaktiv xidmət olaraq pensiyaların elektron qaydada təyinatına başlanıb. Avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi  vətəndaşa pensiya hüququ yarandığı gündə  e-qaydada pensiya təyin edilməsinə, bu sahədə məmur-vətəndaş təması olmadan, tam şəffaf xidmətin həyata keçirilməsinə imkan verib.