"Qadın öldürənlərin cəzası çox ağır olmalıdır” - MÖVZU - SOS
    • 10-10-2019, 17:25
    • 861

"Qadın öldürənlərin cəzası çox ağır olmalıdır” - MÖVZU - SOS

Son günlər Azərbaycanda qadınlara qarşı zorakılıq halları pik həddə çatıb. 

Mediada yayımlanan statistik məlumatları dəhşətli mənzərədən xəbər verir. Təkcə son iki gündə 15-ə yaxın zorakılıq hadisəsi qeydə alınıb. Daha çox zorakılığa məruz qalan qadınların həyat yoldaşları tərəfindən törədilən bu hadisələrin əksəriyyəti də ölümlə nəticələnib.    
Son 6 gündə baş verən belə dəhşətli cinayət hadisələrinin statistikasına bir daha nəzər salaq: 
Bakı, Binəqədi rayonu, Avtovağzal metrosu yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi ilə qətlə yetirib.

Beyləqanın, Yuxarı Aran kəndində döyülərək yolun kənarına koma vəziyyətində atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızı xəstəxanada vəfat edib. Döyülmə səbəbi müəmmalıdır.

Daşkəsənin Əmirvar kəndində 19 yaşlı, hamilə olan Abdullayeva Ayşə Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən ölümcül döyülüb. Səbəb isə gəlin gələndə özü ilə cehiz kimi qoyun gətirməməsidir.
Bakı, Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı Əkbərova Cəvahir Telman qızını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.
Tərtərin Şıxarx qəsəbəsində qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.
Gəncənin Bayan küçəsində, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızı əri Məhərrəm Sirati tərəfindən boğazı kəsilib.
Bakının Nəsimi rayonunda qayın ana və qızını beyzbol dəyənəyi ilə döyərək xəstəxanalıq edib.
Abşeronun Masazır qəsəbəsində Abdullayeva Aynurə Bəhmən qızı əri Yaqub Qurbanov tərəfindən döyülərək öldürülüb.
Bakıda məhbus Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə ona ağır xəsarət yetirib.
Bakı, Atatürk prospektində Orxan və Aysel adlı şəxslər 1995-ci il təvəllüdlü Musazadə Nurlana İbrahim qızını döyərək, telefonunu alıb, hadisə yerindən uzaqlaşıblar.
Xətai rayonu, NZS qəsəbəsi ailə münaqişəsi zəmnində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib.
Nəsimi rayonunda 44 yaşlı Abbasova Nəzirə Ağagül qızı keçmiş əri tərəfindən döyülüb.
Bu gün isə Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər. Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. 
Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər. 
Göründüyü kimi, vəziyyət olduqca acınacaqlıdır. Həyəcan təbili çalmağın vaxtı çoxdan çatıb. 
Bəs, bunun səbəbi nədir? Azərbaycan ailələrində zorakılıq faktları niyə bu qədər çoxalıb? Qadınlara qarşı bu qədər şiddət, amansız münasibətin səbəbi nədir? Ailə cəmiyyətlərinin dağılmasının, qadına qarşı belə amansız münasibətin qarşısının alınması üçün nə etmək lazımdır? 
Məsələ ilə bağlı tanınmış ictimai-siyasi xadimlər, ziyalı və sənət adamlarının fikirlərini öyrəndik.


“Zorakılğa qarşı tədbirlərə qadını yox, kişiləri çağırın”

Millət vəkili Aqil Abbas News24.az-a bildirib ki, qadına şiddət çox ciddi məsələdir: “Hər kəsə, xüsusilə, qadına əl qaldırmaq cinayət sayılır. Bizim millətə yaraşmayan hərəkətdir. Bəli, son illərdə şiddət artıb, son gündə 5-6 qadın öldürüblər. Uşaqların gözü qarşısında öldürənlər, baş kəsənlər var. Birinci növbədə həmin adamlara elə ağır cəza verilməlidir ki, başqalarına da dərs olsun. Düzdür, onları həbsxana qanunları ilə cəzalandırırlar. Onların da öz qanunları var. Amma dövlət olaraqcəza tətbiq edilməlidir. Eyni zamanda, bizim qeyri- hökumət təşkilatları tez-tez tədbirlər həyata keçirirlər. Amma qadına qarşı zorakılıqla bağlı tədbirlər az işıqlandırılır. Bu qədər QHT-mi var. Onlar, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi  televiziyalarda, KİV-lərdə təbliğat aparmalıdır. Rayonlarda bu yöndə tədbirlər həyata keçirməlidirlər. O tədbirlərə də qadınları yox, kişiləri çağırmaq lazımdır. 20-dən çox televiziya var, amma onlar başqa cür təbliğat aparır. Açıq-saçıq ailə söhbətlərini efirlərə çıxarırlar, belə verilişləri yığışdırmaq lazımdır. Sənət adamları bir-birlərinə nalayiq sözlər deyir, həyat yoldaşları haqqında bir-birlərinə söz atırlar. Təbliğat düz qurulmadığına görə, cəmiyyət bu hala düşüb”.



“Cəmiyyətin idarə olunmasında ciddi problemlər var”

Millət vəkili İqbal Ağazadə isə hesab edir ki, cəmiyyətin idarəolunmasında ciddi problemlər var: “Təəssüf edirəm ki, bu cür hallar baş verir. Fərqi yoxdur qadın, yoxsa kişi, şiddət hadisələri cəmiyyətdə artır. Bu aqressiyanın sərtliyinin nəticə etibarilə ailələr də, cəmiyyətə də sirayət edəcəyinin fərqində olmalıydıq. Sosial problemlərin çoxluğu, insanların münasibətində bir -birinə kəskin davranışı bütün institutlara, o cümlədən də, ailə institutlarına sirayət edir. Bütün bunların hamısı ona gəlib söykənir ki, cəmiyyət doğru-dürüst idarə olunmur. Cəmiyyətin idarə olunmasında problemlər var. Cəmiyyət maarifli deyil, günü -gündən geriyə gedir, savadlana bilmir. Savadlı, ağlı başında olan insan nəinki qadına, heç öz həmcinsinə şiddət göstərə bilməz. Cəmiyyətin bütün sferalarında şiddət varsa, bu hökmən ailəyə də sirayət edəcək. Əgər bir kişinin cəmiyyətdə problemləri varsa, o, hökmən uşaqlarına da, qadına da şiddət göstərəcək. Bu münasibətlər sisteminin korlanmasıdır. Bunun üçün hökmən idarəetmədə fərqli dəyərlərin tətbiqini həyata keçirmək, eləcə də, maarifləndirməni sürətləndirmək lazımdır. Bunun üçün məktəblərin, televiziyaların, KİV-in, hakimiyyətin də, üzərinə bir yük qoymaq lazımdır”. 

İqbal Ağazadənin sözlərinə görə, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq bu məsələ ilə bağlı açıq, şəffaf xəttlər təşkil etməlidir: “Yerli sahə müvəkkilləri, kənd icra nümayəndələri bu tipli halların baş verməsi ilə bağlı mütəmadi mərkəzi orqanlara, səlahiyyətli qurumlara məlumat verməlidir. Tutaq ki, Beyləqanda bir nəfər 18 yaşlı qızı sürüyüb, evdən çölə atıb. Bu hadisə baş verənə qədər ailədaxili münasibətləri sahə müvəkkilinin və kənd icra nümayəndəsinin hökmən bilməsi vacib idi. Hər kəs bilir ki, bu kənddə ailə daxili münasibətlər nə yerdə idi. Bu qurumlar vəzifələrini doğru-dürüst yerinə yetirə bilmirlər. Bu səbəbdən də  cəzasızlığın sonu faciəyə gətirib çıxarır. Bunların başlamasına əsas səbəb odur ki, insanlar qanunsuz nikaha girirlər. Kənd icra nümayəndəsi, sahə müvəkkili, səlahiyyətli dövlət qurumlarına bu haqda məlumat vermir. Uşaqları məktəbə göndərmirlər, dərsdən yayındırırlar, sahə müvəkkili, kənd icra nümayəndəsi münasibət bildirmir və bunun qarşısnı almır. Bu tipli hadisələr arta-arta, zorakılığıa, cinayətə gətirib çıxarır. Ona görə də bəzilərini maarifləndirmə ilə, bəzilərini isə vəzifələrini layiqincə yerinə yetirməsini təmin etməklə durdurmaq mümkündür. Təəssüf ki, hələlik bunlar yoxdur, bu işlə çoxşaxəli məşğul olmaq lazımdır”. 


Tünzalə Ağayeva: “Belə "kişi"nin gücü erməni işğalçısına yox, qadına çatır”

Əməkdar artist Tünzalə Ağayeva da qadınlara qarşı şiddətə qarşı çağırış edib: "Xocalı Soyqırımı dərdini daşımaq az deyil bizə? Hər gün qadın-ana soyqırımı baş verir. Belə "kişi"nin gücü erməni işğalçısına yox, qadına çatır. Nədir dünyaya gələn qızların günahı? 21-ci əsrdə hələ də ailələrdəki "qız nədi, oxumaq nədir, işləmək nədir" düşüncələri cəmiyyəti məhv etməkdədir. Bu gün baxın, çox sayda qadın-qızlarımız öz hüquqları haqda ya tamamən məlumatsızdırlar, ya da ata, ailə, cəmiyyət qınağından qorxurlar. Yaşadıqları sadəcə budur. Hələ də həyatı, sağlamlığı, övladıı təhlükə altında olan qadınlarımız var. Demək ki, bizi sosial layihələr, proqramlar, televiziya, mətbuat, sosial media daha çox maarifləndirməlidir. Dəyərli ziyalılar, maarifli insanlar, sənət insanları, media nümayəndələri, dostlar, gələcəyini düşünənlər -susmayaq! Növbəti faciəyə, cəhalətə imkan verməyək!

Afaq Mirayiq