Mobil telefonlar uşaqlarda xərçəng yaradır - ARAŞDIRMA
    • 12-10-2019, 16:11
    • 1 564

Mobil telefonlar uşaqlarda xərçəng yaradır - ARAŞDIRMA

Mobil telefonların zərəri ilə bağlı dəfələrlə danışılıb, müxtəlif alimlərin şərhləri, tədqiqatları barədə KİV-lərdə ətraflı məlumatlar yer alıb. Amma buna baxmayaraq, bu sahədə vəziyyət heç də ürək açan deyil. Xüsusilə də, son dövrlərdə azyaşlı uşaqların telefonlara alüdəçiliyi həddən artıq çoxalıb. İş o yerə çatıb ki, analar ağlayan balacaları mobil telefonla sakitləşdirirlər.

Məktəb şagirdləri üçün isə mobil telefonlar az qala dərs vəsaitinə çevrilib. Çünki ibtidai sinifdən başlamış yuxarı siniflərə qədər şagirdlərin çoxu ev tapşırıqlarında telefonlardan istifadə edir.
 
Balaca cihazdan gələn təhlükə

Şagirdlərin bir-biri ilə son model telefon bəhsi də bir başqa söhbətin mövzusudur. 
Ən dəhşətlisi isə odur ki, telefon istifadəçiləri və ya mobil vasitələrə meyl edən şagirdlərin valideynləri bu balaca cihazın nə dərəcədə təhlükəli olmasının fərqinə varmır. 
Amma dünyada artıq bununla bağlı ciddi həyəcan təbili çalınır...
Bir çox alimlər səkkiz yaşından kiçik uşaqların mobil telefonlardan istifadə etməyi qadağan edirlər. 
Onlar belə qənaətə gəliblər ki, mobil telefondan istifadə uşaqlarda beyin xərçəngi təhlükəsi yarada bilər. Bir müddət öncə alimlərin bu kimi açıqlamaları mobil telefon istehsal edən müəssisələrdə səs-küyə səbəb oldu. Dörd yaşından səkkiz yaşına kimi uşaqlar üçün mobil telefon istehsal edən Britaniya kampaniyası bu telefonların istehsalını təcili dayandırdı. Məşhur professor Uilyam Stüart apardığı dörd tədqiqatın nəticəsi olaraq belə qənaətə gəlib ki, mobil telefonlardan isifadə edən insanlarda qulaq və beyində bəd xassəli şiş yaranması riski daha çoxdur. Almaniyada aparlıan tədqiqatların nəticəsi isə belədir ki, telefon stansiyaları yaxınlığında yaşayan insanlar xərcəng xəstəliyinə tutula bilər. Alimlərin qənaətincə, bu riskə uşaqlar daha çox düçar olur. Bildirilir ki, dörd yaşından səkkiz yaşına kimi olan uşaqlar ümumiyyətlə, mobil telefondan uzaq olmalıdırlar. Səkkiz yaşından on dörd yaşınadək uşaqların valideynləri də şəxsi həkiməlri ilə məsləhətləşməlidirlər. Bu səbəbdən də Britaniya Beynəlxalq Məktəb Direktorları Asosaiyasının rəhbəri Devid Xart məktəbdə mobil telefondan istifadənin qadağan olunmasını tələb edib. Avropa Birliyi tərəfindən maliyyələşdirilən daha bir tədqiqatda da mobil telefonlardan şüalanmanın orqanizmə mənfi təsir göstərdiyi aşkara çıxıb. Akustik siqnallar akustik sinirdə yüngül xassəli şişin yaranmasına səbəb olur. Akustik sinir xərçəngi ildə 100 min insanda aşkar olunur və karlığa gətirib çıxarır. Belə şişlər başın telefon dəstəyi qoyulduğu yerdə əmələ gəlir. 
Bizimlə söhbətində Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev də son zamanlar uşaqların mobil telefondan istifadə etmə hallarının çoxaldığını qeyd edib: “Mobil telefonların hamısı elektormaqnit dalğalarıdır. Qəbələ lakasiya stansiyası da həmin dalğalarla işləyir. Dalğalarda şüalanma yoxdur. Amma istilik effekti var. İnsan telefonu harda saxlayırsa, onun ətrafında olan toxumalarda hərarət yüksəlməyə başlayır, bununla da hüceyrə daxilindəki temperatur dəyişilir”. 

Valideynlər övladlarını bu riskdən qorusun

N.Quliyev mobil telefonların ionlaşdırıcı təsirə malik olduğunu da dilə gətirdi: “Ona görə də, istər böyüklərdə, istər uşaqlarda cib telefonu çox yaxında saxlamaq olmaz. Amma bu elə bir problemdir ki, həll etmək çox çətindir”. Pediatr onu da vurğulayır ki, mobil telefonlardan istifadə edən uşaqlarda əsəb gərginliyi yaranır: “Toxumalarda istilik effekti olduğuna görə, maddələr mübadiləsinin pozulması halları baş verir. Ancaq üzərimizdə gedən bütün proseslərin hamısı biokimyəvi proseslərdir. Bu proseslər də bədənin daxili mühitinin sabitliyini tələb edir. Temperatur rejimi pozulursa, maddələr mübalidəsi də pozulur. Nəticə etibarilə orqanizmə zərər yetirir. Bu səbəbdən də mütləqdir ki, valideynlər heç olmasa övladlarını bu kimi risklərdən qorusunlar”. 
Əvvəldə qeyd etdiyimiz kimi, mobil telefonlardan əsasən məktəblilərin istifadə etdiyini nəzərə alsaq, uşaqların həyatının necə təhlükədə olduğunu anlamaq olar.

Dərs zamanı araşdırma üçün mobil telefonlardan istifadə edilə bilər…

Məktəblərdə mobil telefonların qadağan olunması ilə bağlı dəfələrlə müzakirələr olsa da, bayaq dediyimiz kimi şagirdləri bundan yayındırmaq mümkün deyil. 
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil Udarəsinə bununla bağlı sorğu ünvanladıq. Qurumdan bildirdilər ki, şagirdlərin məktəbdə nizam-intizam və davranış qaydalarına əməl etməsinə təhsil müəssisələrinin rəhbərliyi və müəllimlər tərəfindən nəzarət olunur. Təhsil müəssisəsində tədris prosesinin normal gedişinin təmin olunmasına məsuliyyət daşıyan məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsilə bağlı bu və ya digər qərarı verməkdə sərbəstdir. 

Təhsil müəssisələrində zərurət olduğu təqdirdə, dərs zamanı araşdırma və tədqiqat aparmaq məqsədilə mobil texnologiyalardan – mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər. Təbii ki, bütün bunlar təhsilalanların müvafiq tədris proqramlarını daha yaxşı mənimsəməsinə, faydalı informasiyaların əldə olunmasına və ya şagirdlərin dünyagörüşünün inkişafı məqsədlərinə xidmət etməlidir.

Bu baxımdan şagirdlərin məktəbə telefon gətirməsinə məhdudiyyət qoyulmasa da, unudulmamalıdır ki, istənilən texnologiyadan istifadə heç bir halda tədrisə mane olmamalıdır. Valideynlər də qəbul etməlidirlər ki, istər telefon, istərsə də digər texnoloji vasitələr yalnız məktəblilərin hərtərəfli inkişafına xidmət etməli və müvafiq hallarda dərsdənkənar əlaqə vasitəsi kimi istifadə olunmalıdır.

Afaq Mirayiq