Heydər Əliyev Sarayında ANŞLAQ
    • 12-10-2019, 22:56
    • 826

Heydər Əliyev Sarayında ANŞLAQ

Azərbaycanın Əməkdar artisti Yaqub  Zurufçu Bakıda möhtəşəm solo-konsert proqramı ilə çıxış edib. Heydər Əliyev Sarayında təşkil edilən konserti Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının xoru və rəqs kollektivi müşayiət edib.

Konsertdən öncə News24.az -a açıqlama verən müğənni həmişə olduğu kimi, bu dəfə də xalq və bəstəkar mahnılarına üstünlük verəcəyini deyib. Həmçinin bildirib ki, ifasında sevilən bir çox mahnılar da səsləndiriləcək. Sonuncu dəfə on il əvvəl M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert verdiyini bildirən müğənni bu konsertinin də maraqlı və yaddaqalan olacağını deyib. Konsertin Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirildiyini söyləyən Y.Zurufçu bu işdə zəhməti olan hər kəsə təşəkkür edib.
Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək müğənninin yaradıcılığı, vətən qarşısında gördüyü işlər və sənətə olan sevgisindən danışıb. Qeyd edib ki, Yaqub Zurufçunun repertuarı həmişə Azərbaycan bəstəkarlarının əsərləri ilə zəngindir və ifaları hamının qəlbini oxşayır.
"Bir insan çox böyük müğənni də ola bilər, şair də, rəssam da... Ancaq bunların hamısından öncə o, yurduna, vətəninə bağlı olmalıdır. İnsan hər şeydən öncə xalqının məhəbbətini qazanmalıdır. Yaqub Zurufçu belə sənətkarlardandır. Xalqının məhəbbəti onun könlündə nəbz kimi çırpınır. Yaqub Zurufçu xoşbəxt insandır ki, xalqın ürəyindən keçənləri deməyi, oxumağı bacarır. Onun əsrarəngiz ifaları, həm də Dünya Azərbaycanlılarını birləşdirməyə xidmət edir, könül quşu kimi uçan nəğmləri qəlblərdə əks-səda yaradır. Çünki onu Yaqub Zurufçu edən Azərbaycan və azərbaycançılıq eşqidir. Yaqub Zurufcunun konserti bu gun burada insanları yaxınlaşdırır, ruh və ürək birliyi yaradır", - deyə R.Hüseynov söyləyib.
Müğənnini konsert münasibətilə təbrik edən natiq ona yeni - yeni yaradıcılıq uğurları arzulayıb.
Əməkdar artistin gecəsində ən maraqlı məqamlarından biri onun dekorasiyası olub. Orada "Qız qalası" və "Ərk balası" əks olunub.
41 ildir vətənindən ayrı olan Y. Zurufçu məhz "Ana" mahnısını ifa edərkən gözyaşlarını saxlaya bilməyib: "Mən neçə ildir anamdan ayrıyam ona görə də bu, mahnını necə ifa edəcəyimi bilmirəm. Bu musiqini şəhid analara həsr edirəm".
Y. Zurufçu son zamanlarda aktual olan bəzi məqamlara toxunub. O, bildirib ki, konsertin yayımlanması üçün bütün televiziyalara müraciət edib. Lakin buna baxmayaraq, ona bu işdə yalnız ATV və MTV dəstək olub. Vurğulanılıb ki, hazırda bir çox telekanallarda bayağı musiqilər səsləndirilir və səviyyəli, xalq və bəstəkar mahnılara yer ayrılmır, təbliğat işi getmir.
Müğənninin repertuarında səslənən bir-birindən məlahətli və əsrarəngiz ifalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sonda isə "Ayrılıq" mahnısı səsləndirilib. Əməkdar artisti sevənləri ayaqüstə alqışlayıblar.
Qeyd edək ki, möhtəşəm gecənin informasiya dəstəyi News24.az -a məxsusdur.

Sevda Bayramova

Foto: Fərid Şabanov