"Bakıda 165 məktəb xüsusi nəzarətə götürülüb" İdarə müdiri:
    • 15-10-2019, 11:54
    • 783

"Bakıda 165 məktəb xüsusi nəzarətə götürülüb" İdarə müdiri:

"Ötən il IX sinif şagirdlərinin ana dili, riyaziyyat və xarici dil fənnindən ümumi təhsil səviyyəsi üzrə bilik və bacarıqlarını müəyyənləşdirmək məqsədilə Bakının bütün məktəblərinə qiymətləndirmə materialları göndərilib".

News24.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, qiymətləndirmə nəticəsində qeyri-kafi qiymət alan şagirdlər üçün əlavə məşğələlər təşkil edilib: "Layihəyə cəlb edilən məktəblərdə isə əlavə olaraq daha bir qiymətləndirmə keçirilib. Nəticədə 165 məktəb inkişaf etdirilmək üçün xüsusi nəzarətə götürülüb və həmin məktəblərin 102-sində (61,8 faizində) nəticələr keçən illə müqayisədə artıb".

O qeyd edib ki, əlavə dəstək göstərilən məktəblər daha çox Suraxanı, Sabunçu, Xəzər, Pirallahı və Qaradağ rayonlarının ümumtəhsil məktəbləridir: "Sevindirici haldır ki, qeyd olunan hər bir rayon üzrə orta bal göstəricisi ötən tədris ilinə nisbətdə yüksəlib. 2018-2019-cu dərs ilində idarənin tabeliyindəki ümumi təhsil məktəblərini XI siniflər üzrə - 19 842 nəfər, XII siniflər üzrə isə 655 nəfər bitirib".

R.Tağıyev vurğulayıb ki, XI sinif buraxılış imtahanların nəticələrinə əsasən ötən dərs ili ilə müqayisədə 2018-2019-cu tədris ilində qeyri-müvəffəq qiymət alan şagirdlərin sayında azalma müşahidə olunub: "XI siniflərdə tədris dili üzrə 28 nəfər şagird 100 bal toplayıb. Riyaziyyat fənni üzrə mütləq nəticəni 47 nəfər, Xarici dil üzrə isə 276 nəfər əldə edib. Tədris dili üzrə 80-dən yuxarı bal toplayan şagirdlərin sayı 2 298 nəfərdir. Eyni göstəricilər riyazziyyat fənni üzrə 1 175 nəfərdə, xarici dildə isə 3 250 nəfərdir. 577 nəfər hər üç fənn üzrə 80 baldan yuxarı toplayıb".