Ərdoğanın Bakıdakı çıxışı:
    • 16-10-2019, 00:23
    • 535

Ərdoğanın Bakıdakı çıxışı: "Ulu əcdadımız Dədə Qorqudun dediyi kimi..."

"Türk Şurasının VII Zirvə Görüşü ilə əlaqədar “Odlar Yurdu” can Azərbaycanın paytaxtı Bakıda olmaqdan böyük məmnunluq duyuram.
Zirvə toplantısına ev sahibliyi edən İlham Əliyev qardaşıma qonaqpərvərliyinə görə təşəkkürümü bildirirəm. Hörmətli qardaşlarım, Şərq-Qərb istiqamətində orta dəhliz üzərindən Xəzərdən və Türkiyə ərazisindən keçən nəqliyyat marşrutları böyük potensiala malikdir. Bu marşrutdan tam mənasında istifadə etməyimiz gömrüklərimiz arasında əməkdaşlığın inkişafından asılıdır. Təəssüf ki, kvotalar ticarətimizin qarşısında duran ən böyük maneələrdən biridir. Türk Şurası olaraq, aramızdakı kvotaları ortadan qaldırmalıyıq. Bundan başqa, diasporlarımızın birgə fəaliyyət göstərmələrinə dair layihələrə də önəm verməliyik".

News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib.
Bildirib ki, müasir dövrdə bölgəmizdə sülhə və əmin-amanlığa ən böyük təhdid mənbəyi terror təşkilatlarıdır. PKK/YPG, İŞİD, FETÖ kimi şər şəbəkələrinin mövcudluğu təhlükəsizlik sahəsindəki əməkdaşlığımızın əhəmiyyətini artırmışdır. Suriyada son səkkiz ildir yaşadıqlarımız isə bir terror təşkilatının əli ilə digərinin məhv edilməsinin mümkün olmadığını göstərmişdir. Ölkə olaraq PKK/YPG-ni ortadan qaldırmaq məqsədilə oktyabrın 9-da çox mühüm bir addım atdıq. Bu gün əməliyyatın yeddinci günündəyik. Suriyanın şimalı sülh çeşmələri ilə yenidən cücərənə, hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik. Ulu əcdadımız Dədə Qorqudun dediyi kimi, “Yaxşı dost yaxşı gündə çağırılanda, pis gündə isə çağırılmadan gələndir”. Bəli, Türkiyənin terrora qarşı apardığı ölüm-dirim mübarizəsində siz qardaşlarımdan çox güclü həmrəylik gözləyirik. Əməliyyatın başladığı andan etibarən Türkiyəyə dəstək verən bütün liderlərə buradan bir daha təşəkkür edirəm. Üç yüz milyonluq türk dünyasındakı hər bir qardaşımın qəlbinin bizimlə döyündüyünü, ölkəmiz və qəhrəman ordumuz üçün dua etdiyini çox yaxşı bilirəm:
"Hörmətli qardaşlarım, milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur. Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. BMT Baş Assambleyasındakı nitqimdə də dediyim kimi, bu, qəbuledilməz bir vəziyyətdir. Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik. Türk dünyasının əsas hissəsi olan Kipr türkləri problemin həll olunmamasından hələ də əziyyət çəkirlər. Gözləntimiz kiprli türklərin məruz qaldıqları haqsız təcrid və embarqonun aradan qaldırılmasına yardım etməyinizdir".