-
- 26-04-2024, 14:04
- 201
Misirin nümayəndə heyəti Mossad ilə görüşəcək
Qətər mətbuatının məlumatına görə, Misir Kəşfiyyat İdarəsinin rəisi Abbas Kamil İsrailin xarici kəşfiyyat təşkilatı Mossad direktoru David Barnea, milli təhlükəsizlik müşaviri Tzachi Hanegbi ilə görüşmək üçün İsrailə gedir.
News24.az xəbər verir ki, Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının əldə edilməsi üçün danışıqlar aparacağı gözlənilən Misir nümayəndə heyətinə Kamil başçılıq edəcək.
Misir rəsmisi Qahirənin də təxminən 1,5 milyon fələstinlinin sığındığı Rəfaha planlaşdırılan hücumun qarşısını almağa çalışdığını bildirib.
İsrail mediasının məlumatına görə, Döyüş Nazirləri kabineti dünən İsrailin danışıqlar qrupuna Misir nümayəndə heyəti ilə görüşdə “çevik yanaşma” tətbiq etmək səlahiyyəti verib.
Qeyd edək ki, İsrailin danışıqlar qrupu Qəzzada israilli məhbusların azad edilməsini təmin etmək məqsədi ilə Təhlükəsizlik Kabinetinə təklif təqdim edib.
Təklifdə “İsrailin qadın, qoca və səhhətində ciddi problemlər olan xəstələrin də olduğu 20 əsirin azad edilməsini tələb edəcəyi” iddia edilib.
İsrailin bunun müqabilində köçkün fələstinlilərin Qəzza zolağının şimalına qayıtmasına icazə verəcəyi iddia edilib.
Bildirək ki, İsrailin məhbusların azad edilməsi müqabilində edəcəyi güzəştlərin təfərrüatları tam açıqlanmayıb.
Günel Məlikzadə