-
- 19-10-2019, 22:21
- 1 428
Sara Qədimovanın xatirə gecəsi keçirilib
Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycanın Xalq artisti, xanəndə Sara Qədimovanın xatirə gecəsi keçirilib.
News24.az xəbər verir ki, gecənin aparıcısı yazıçı-publisist Mustafa Çəmənli istedadlı xanəndənin həyat və yaradıcılığı barədə danışıb. O qeyd edib ki, Sara Qədimova öz adını Azərbaycan musiqisi tarixinə qızıl hərflərlə yazdırıb, onun yaradıcılığı ölkə hüdudları xaricində də yaxşı tanınırdı.
M.Çəmənli diqqətə çatdırıb ki, özünün muğam, xalq və bəstəkar mahnılarının unikal ifa tərzi ilə məşhur olan Sara Qədimova peşəkar karyerasına dahi Üzeyir Hacıbəylinin xeyir-duası ilə başlayıb. O, Qurban Pirimov, Zülfi Adıgözəlov, Əhməd Bakıxanov, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski kimi ustad sənətkarların yetirməsi idi.
Aparıcı Sara Qədimovanın “Şur dəsgahı”, “Mahur-hindi”, “Bayatı-şiraz”, “Rast”, “Segah”, “Qatar”, “Şahnaz” kimi mürəkkəb muğamları gözəl ifa etdiyini vurğulayıb. Həmin ifalar Azərbaycan Dövlət Teleradio Şirkətinin Qızıl Fondunda saxlanılır.
Sonra tanınmış muğam ustalarının ifasında məşhur xanəndənin repertuarından əsərlər səsləndirilib.