-
- 22-10-2019, 23:37
- 702
Siyavuş Novruzov: "Xalq artisti deyilik ki, "İnstagram"da özümüzü reklam edək"
"Bəzi deputatlar Milli Məclisin əleyhinə çıxış edirlər. Həmkarım Fazil Mustafa mətbuata açıqlamasında deyib ki, islahatlar Milli Məclisdən başlamalıdır. Səbəb kimi də göstərir ki, sosial şəbəkədə fəaliyyət göstərməsinə Milli Məclis tərəfindən əngəllər törədilir. Hansı deputatın sosial şəbəkədə olmasına qarşı çıxılıb? Jurnalistlərdən soruşuram, kimə hansı yazının dərc olunub-olunmaması ilə bağlı tapşırıq verilib? Kim hansı yazını istəyir, özü də yazır".
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib. Deputat qeyd edib ki, kimlərsə özünə Milli Məclis hesabına xal qazanmaq istəyir:
"Biz xaricdə oturub Milli Məclisə qarşı qarayaxma kampaniyası aparanlarla mübarizə aparaq, yoxsa öz daxilimizdəkilərə qarşı? Ona görə də hər bir kəs öz fikrində, rəyində oturduğu stula hörmət etməlidir. Xalq səlahiyyət verib ki, onun maraqlarını təmsil edəsən. Xalq artisti deyilik ki, "İnstagram"da və digər yerlərdə özümüzü reklam edək. Hərənin öz sahəsi üzrə işi var. Deputatın da işi seçicilərlə işləməkdir. Deputatın işi seçicilərin maraqlarını təbliğ etməkdir, özünün deyil... Hər bir kəs bu məsələyə ciddi yanaşmalıdır. Milli Məclisdə hamının marağı olmalıdır.
Bəzi deputatlar deyir ki, tənqidlərə cavab vermirik, onların səviyyəsinə düşmək istəmirəm. Təndiq və ya təhqir edənin səviyyəsinə düşmək istəmirsən, alimsənsə, alim səviyyəsində, yazıçısansa, yazıçı səviyyəsində cavab verin. Biz demirik ki, gedin söyün, etikadan kənar, ölkəmizin milli maraqlarına zidd fikir söylə. Azərbaycanda internet və mətbuat azaddır, fikir və söz, sərbəst toplaşmaq azadlığı təmin olunub. Qanunun tələbləri çərçivəsində hamı bunu yerinə yetirə bilər. Heç kəs qanundan kənar bir addım da ata bilməz".