Heç demə Bakıdakı nüvə silahına oxşayan nəhəng çənlər...
    • 24-10-2019, 11:40
    • 1 421

Heç demə Bakıdakı nüvə silahına oxşayan nəhəng çənlər...

Paytaxtda insanların böyük marağına səbəb olan nəhəng çənlər SOCAR-a məxsus imiş.  

Bunu News24.az-a açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə,  SOCAR-ın Heydər Əliyev adına zavodunda hazırda geniş miqyaslı modernizasiya və yenidənqurma layihəsi həyata keçirilir: “Bu işlərin əsas məqsədi ölkədə istehlak edilən və satılan yanacağın keyfiyyətini və zavodun istehsalat həcmini artırmaqdır. Nəticədə 2021-ci və 2022-ci illərdə ölkədə “AVRO 5” standartına uyğun olan dizel və benzin məhsullarının istehsalı və satışı mümkün olacaq.

Bunun üçün hazırda zavodun ərazisində yeni qurğular tikilir. Bəzi istismar edilən, əvvəlcədən mövcud olan qurğular üzərində təmir-bərpa işləri aparılır. Yeni qurğuların tikilməsini əhatə edən “PAKET A” hissəsinin artıq 56 faizdən çoxu tamamlanıb. Bu layihə çərçivəsində ölkəyə bir sıra hissələr, avadanlıqlar gətirilir. Bunlardan hazırda gətirilən avadanlıqlar – “LTC”- yəni maye qazın saxlanılması üçün istifadə edilən çənlər də var”.

İ.Əhmədovun sözlərinə görə, hazırda  Bakıya gətirilən çənlərdən ikisinin 30 metrdən çox ölçüsü var: “Qarşıdakı günlərdə daha 9 çən əlavə olaraq gətiriləcək. Onların ölçüləri daha da böyük olacaq və ölçüsü 60 metrdən çox olan bu çənlər maye qazın saxlanılması məqsədilə zavodun ərazisində quraşdırılacaq. Gödüyünüz kimi, zavodda modernizasiya işləri gedir. Ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində çalışmalarımızı davam etdiririk. Ümid edirik ki, yaxın zamanda artıq ölkədə ən yüksək standartlara cavab verən yanacağın istehsalı mümkün olacaq”.

Afaq Mirayiq