Merkel İrəvanda “soyqırım” demədi, ermənilər onun Bakı çıxışı gözləntisində...
    • 25-08-2018, 14:18
    • 829

Merkel İrəvanda “soyqırım” demədi, ermənilər onun Bakı çıxışı gözləntisində...

Almaniya Kansleri Angela Merkelin İrəvana səfəri erməniləri məyus edib.

 Paşinyanla təkbətək görüşünün ardından birgə mətbuat konfransında Merkel ümumən 1915-ci il hadisələrinə toxunsa da, ermənilərin ən çox gözlədiyi “soyqırım” kəlməsini dilə gətirməyib.

Xatırladaq ki, Almaniya Bundestaqı 2016-cı ilin iyununda ermənilərin 1915-ci ildə Osmanlı ərazisində guya soyqırıma məruz qaldıqlarını etiraf etmiş, Almaniyanın bu hadisənin məsuliyyətini daşıyan dövlətlərdən olduğunu bildirmişdi. Lakin bunun dərhal ardından Türkiyənin kəskin demarşı Almaniyanı geriyə addım atmağa vadar etdi və Alman hökuməti bundan sonra 1915-ci il hadisələrinə siyasi qiymət verilməsindən uzaq duracağını bəyan etdi.
Merkel, eyni zamanda, çıxışında Cənubi Osetiya və Abxaziya məsələsinə toxunsa da, bu mövzuda da kəskin ifadələr səsləndirməyib. İndi Ermənistanın diqqətlə izlədiyi əsas məsələ Almaniya Kanslerinin Azərbaycana səfərində “ərazi bütövlüyü” kəlməsini işlədib-işlətməyəcəyidir.  Ermənistanın “lragir.am” saytı yazır ki, Merkelin səfəri Moskva və Ankaraya Almaniyanın hazırkı status-kvonun saxlanmasında iradə nümayiş etdirdiyini göstərməlidir.

Xatırladaq ki, ermənilərin “cinin şüşədən qorxduğu kimi” qorxduğu “ərazi bütövlüyü”  ifadəsi AŞPA-nın son sessiyasında ötən illər ərzində ilk dəfə rəsmi sənədlərə daxil edilib.

Onu da bildirək ki, Almaniya kansleri Qafqaz səfəri çərçivəsində İrəvan səfərinə yekun vuraraq avqustun 25-də Bakıya gəlib.